Azərbaycan üçün yeni bazar - Serbiya ilə əməkdaşlıq bizə nə qazandırır?
Serbiyanın Azərbaycanla enerji resurslarının tədarükünün artırılması istiqamətində apardığı danışıqlar iki ölkə arasında strateji əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir.
Enerji sahəsində əlaqələrin genişlənməsi təkcə tədarük həcminin artması demək deyil, eyni zamanda regional enerji təhlükəsizliyinin möhkəmlənməsi, alternativ marşrutların inkişafı və iqtisadi tərəfdaşlığın dərinləşməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Belə bir əməkdaşlığın hər iki tərəfə hansı üstünlüklər vəd etdiyi isə əsas müzakirə mövzusudur.
Mövzu ilə bağlı iqtisadçı Akif Nəsirli Crossmedia.az-a açıqlama verib:

"Azərbaycanla Serbiya arasında enerji tədarükünün artırılması hər iki ölkəyə fayda verə bilər. Azərbaycan üçün bu, daha çox qaz və digər enerji resursları satmaq imkanı yaradır və dövlət gəlirlərinin artmasına səbəb olur.
Eyni zamanda, ölkə yeni bazarlara çıxış əldə edərək, Avropada enerji tərəfdaşı kimi mövqeyini gücləndirir. Serbiya üçün isə əsas üstünlük enerji təhlükəsizliyinin artmasıdır, çünki o, tək bir mənbədən asılılığını azalda bilir.
Bundan əlavə, alternativ tədarükçülərlə işləmək daha sabit və bəzən daha sərfəli şərtlərlə enerji əldə etməyə kömək edir. Bu əməkdaşlıq ümumilikdə regionda enerji sabitliyini və iqtisadi əlaqələri gücləndirir".
Ayhan
14:40 10.04.2026
Oxunuş sayı: 50