EBRD Azərbaycana dəstək olmaq üçün 5 milyard avro ayırmağı planlaşdırır
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2026-cı ildə Yaxın Şərqdəki münaqişədən zərər çəkmiş iqtisadiyyatlara, o cümlədən Azərbaycana dəstək olmaq üçün 5 milyard avro ayırmağı planlaşdırır.
Crossmedia.az EBRD-yə istinadən xəbər verir ki, bank həm birbaşa müharibədən təsirlənən ölkələrə, həm də dolayı yolla iqtisadi nəticələrlə üzləşən dövlətlərə yönəlmiş xüsusi böhrana reaksiya proqramına start verib.
Qeyri-müəyyənliyin davam etməsinə baxmayaraq, münaqişənin nəticələri artıq EBRD-nin fəaliyyət göstərdiyi bir sıra ölkələrdə özünü büruzə verir. Əsas amillər arasında ticarət zəncirlərindəki pozulmalar, enerji və xammal şokları, investisiya fəallığının azalması və əhali üçün xərclərin artması yer alır.
EBRD-dən qeyd edilib ki, təsirin gələcək miqyası yaxın aylarda vəziyyətin necə inkişaf edəcəyindən asılı olacaq.
Proqramın əsas diqqəti münaqişədən birbaşa təsirlənən ölkələrə - İraq, İordaniya, Livan, İordan çayının qərb sahili və Qəzza zolağına yönəldiləcək. Bununla yanaşı, böhranın dolayı yolla təsirinə məruz qalan dövlətlərin siyahısına Misir, Türkiyə, Ermənistan və Azərbaycan daxil edilib.
20:59 09.04.2026
Oxunuş sayı: 45