Neft qiymətləri artır - Azərbaycan nə qazanır, nə itirir?
Dünya enerji bazarlarında müşahidə olunan qiymət artımı fonunda Azərbaycan neftinin dəyərində də yüksəliş qeydə alınıb.
Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti son hərraclarda artaraq yüksək səviyyəyə çatıb və bu dinamika qlobal neft bazarındakı ümumi tendensiyalarla uzlaşır.
Mütəxəssislər qeyd edirlər ki, qiymətlərin artması Azərbaycanın ixrac gəlirlərinə müsbət təsir göstərməklə yanaşı, dövlət büdcəsində nəzərdə tutulan göstəricilərlə müqayisədə daha əlverişli maliyyə şəraiti yaradır.
Eyni zamanda, bu artım fonunda neft bazarındakı dəyişkənlik və tarixi qiymət intervalı da diqqət mərkəzində qalmaqdadır.
Məsələ ilə bağlı iqtisadçı ekspert Pərviz Heydərov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Neftin qiymətinin 128 dollar səviyyəsinə yüksələcəyini bir-iki həftə əvvəl müəyyən mənada proqnozlaşdırmaq və ya ehtimal etmək mümkün idisə də, bu müharibə başlamamışdan öncə Azərbaycan neftinin bu səviyyəyə qədər bahalaşacağını gözləmək, demək olar ki, mümkün deyildi. Yəni bu artım gözlənilməz xarakter daşıdı.
Bu səbəbdən də bundan sonrakı mərhələdə neftin qiymətinin hansı səviyyəyə qədər yüksələcəyini dəqiq proqnozlaşdırmaq çətindir.
Görünən odur ki, regionda baş verən məlum hadisələr dərinləşdikcə və proseslər dalana dirəndikcə enerji daşıyıcılarının qiymətlərində artım müşahidə olunur. Bunun əsas səbəbi isə qlobal iqtisadi fəaliyyətin çətinləşməsi və böhran meyillərinin güclənməsidir.
Bütün bu proseslər fonunda qiymət artımının davam etməsi ehtimalı yüksəkdir. Hətta istisna edilmir ki, müəyyən müddətdən sonra Azərbaycan neftinin qiyməti 140-150 dollar, hətta daha yüksək səviyyələrə çata bilər.
Lakin bu vəziyyətin ölkəmiz üçün həm müsbət, həm də mənfi tərəfləri mövcuddur. Bir tərəfdən, neftin qiymətinin yüksəlməsi Azərbaycanın valyuta gəlirlərini artırır, Dövlət Neft Fondunun vəsaitlərinin çoxalmasına səbəb olur və maliyyə imkanlarını genişləndirir.
Digər tərəfdən isə neft enerji daşıyıcıları üçün əsas xammaldır. Onun qiymətinin artması enerji qiymətlərinin yüksəlməsinə, bu isə öz növbəsində dünya üzrə istehlak mallarının, ərzaq məhsullarının və digər xidmətlərin bahalaşmasına gətirib çıxarır. Nəticədə inflyasiya sürətlənir.
Azərbaycan kimi daxili bazarı idxaldan asılı olan ölkələr üçün bu proses əlavə inflyasiya təzyiqləri yaradır. Bu isə ümumi iqtisadi sabitliyə və xüsusilə, qeyri-neft sektorunun inkişafına mənfi təsir göstərir.
Nəticə etibarilə, neftin yüksək qiyməti qısa müddətdə maliyyə baxımından üstünlük yaratsa da, uzunmüddətli iqtisadi inkişaf baxımından müəyyən risklər və çətinliklər doğurur".
Elmir Heydərli
12:33 02.04.2026
Oxunuş sayı: 6230