Qlobal inflyasiyanın mümkün artım "dəhlizi" açıqlanıb
Dünya enerji bazarlarında yeni həftə qiymət artımı ilə başlayıb və bu artım qlobal risklərin yenidən gündəmə gəldiyini göstərir. Xüsusilə Yəmən husilərinin İsrailə qarşı həyata keçirdiyi son hücumlar fonunda bazarlarda tədarükün azalacağı ilə bağlı narahatlıqlar güclənib. Geosiyasi gərginliklərin artması neft bazarında qiymətlərin yenidən yüksəliş trendinə keçməsinə səbəb olub.
Ticarət məlumatlarına əsasən, Brent crude oil və WTI crude oil markalı neftin fyuçers qiymətlərində nəzərəçarpacaq artım qeydə alınıb. Analitiklər hesab edirlər ki, mövcud gərginlik davam edərsə, qiymətlərdə dalğalanma və artım tendensiyası yaxın dövrdə də qorunub saxlanıla bilər.
Məsələ ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Deməli, baş verən hadisələr bir daha təsdiq edir ki, qlobal iqtisadiyyat üçün nəinki beşillik, hətta illik proqnozlar belə vermək olduqca çətindir. Praktika göstərir ki, bu proqnozlar il ərzində dəfələrlə yenilənməyə məcbur qalır. Bunun əsas səbəbi qlobal iqtisadi sistemin ayrı-ayrı elementlərinin bir-biri ilə son dərəcə sıx bağlı olmasıdır. Belə ki, sistemin bir hissəsində yaranan kiçik bir dalğalanma digər hissələrə ciddi təsir göstərə bilir. Bu kontekstdə əvvəllər “kəpənək effekti” kimi xarakterizə olunan yanaşma, bu gün özünü iqtisadi sistemdə daha qabarıq şəkildə büruzə verir.
Mövcud iqtisadi konyunkturada silahlı qarşıdurmaların baş verməsi, xüsusilə də bu qarşıdurmanın dünya neft hasilatının cəmləşdiyi regionda baş verməsi, qaçılmaz olaraq qlobal iqtisadiyyata təsirsiz ötüşə bilməz. Bu cür hadisələr dünya ölkələrinin böyük əksəriyyəti üçün mənfi nəticələr doğurur. Bununla belə, bəzi ölkələr üçün həm mənfi, həm də müəyyən müsbət təsirlər müşahidə olunur, hətta bəzi hallarda yalnız müsbət təsirlər üstünlük təşkil edir. Məsələn, mövcud vəziyyətdə baş verən münaqişədən faydalanan ölkələrdən biri kimi Rusiya göstərilə bilər.
Eyni zamanda, həm fayda əldə edən, həm də zərər görən ölkələr də mövcuddur. Bunlar əsasən neft hasil edən, eyni zamanda regionda yerləşən və münaqişənin dolayı iqtisadi təsirlərinə məruz qalan ölkələrdir. Lakin belə ölkələrin sayı məhduddur. Ümumilikdə isə dünyanın yüzdən artıq ölkəsi bu cür münaqişələrin mənfi təsirini hiss edir.
Bu proseslərin məntiqi nəticəsi olaraq qlobal iqtisadiyyatda daralma meyilləri güclənir. Gözləntilərə əsasən, cari münaqişə 2026-cı ilin sonuna qədər ilin əvvəlində proqnozlaşdırılmış qlobal iqtisadi artımı təxminən 0,8–1 faiz bəndi azalda bilər. Bununla yanaşı, inflyasiya səviyyəsinin də proqnozlardan yüksək olacağı ehtimal edilir. Belə ki, inflyasiyanın təxminən 0,7–1 faiz bəndi artması mümkündür.
Bunun əsas səbəblərindən biri enerji qiymətlərindəki artımdır. Müşahidələr göstərir ki, neft qiymətlərinin illik ifadədə təxminən 10% artması qlobal inflyasiyanı orta hesabla 0,3–0,5 faiz bəndi yüksəldə bilir".
Elmir Heydərli
10:42 02.04.2026
Oxunuş sayı: 72