Neft hara qədər bahalaşa bilər?
Yaxın Şərqdə artan geosiyasi gərginlik fonunda enerji bazarlarında müşahidə olunan dalğalanmalar Azərbaycan neftinin qiymətinə də birbaşa təsir göstərərək onu maksimum səviyyələrə yüksəldib. Bu artım qısa müddətli perspektivdə ölkə iqtisadiyyatı üçün əlavə gəlir imkanları yaratsa da, prosesin davamlılığı və sabitliyi sual altındadır.
Çünki enerji bazarları əsasən geosiyasi risklərə həssasdır və bu kimi qiymət artımları çox vaxt müvəqqəti xarakter daşıyır. Gərginlik azaldıqdan və ya tam aradan qalxdıqdan sonra bazarın yenidən tarazlaşması, qiymətlərin isə əvvəlki səviyyələrə və ya daha aşağı göstəricilərə qayıtması ehtimalı kifayət qədər yüksəkdir.

Mövzu ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli Crossmedia.az-a açıqlama verib: "Yaxın Şərqdə gərginlik artanda neft qiymətlərinin yüksəlməsi normaldır. Çünki bazarda təklifin azalacağı və ya risklərin artacağı qorxusu yaranır. Azərbaycan kimi ixracatçı ölkələr üçün bu, qısamüddətli gəlir artımı deməkdir və büdcəyə müsbət təsir göstərir.
Amma gərginlik azaldıqdan sonra adətən bazar tədricən stabilləşir və qiymətlər aşağı düşməyə başlayır. Çünki risk amili aradan qalxır, tədarük zəncirləri bərpa olunur və bazarda daha çox neft təklifi yaranır. Bu halda Azərbaycanın neft gəlirləri də əvvəlki səviyyələrə qayıda və ya müəyyən qədər azala bilər.
Uzunmüddətli baxanda isə əsas məsələ təkcə qiymət deyil, bazarın strukturudur. Alternativ enerji mənbələrinin inkişafı və böyük istehlakçı ölkələrin enerji siyasətində dəyişikliklər neftə olan tələbatı tədricən azalda bilər. Ona görə də belə qiymət artımları daha çox müvəqqəti xarakter daşıyır və iqtisadiyyatın yalnız neft gəlirlərindən asılı qalması riskli olaraq qalır".
Ayhan
12:32 31.03.2026
Oxunuş sayı: 61