Müharibə bitir? - Neft və qazda ucuzlaşma başladı
İrandakı müharibə qlobal enerji bazarında ciddi gərginlik yaradıb. Hörmüz boğazının bloklanması neft və qaz ticarətini çətinləşdirib.
Qətərdən qaz tədarükünün dayandırılması Avropada və Asiyada qiymətlərin kəskin artmasına səbəb olub. Brent markalı neft son üç həftədə 40%-dən çox bahalaşıb.
Bu proses yalnız enerji bazarına deyil, iqtisadi sabitliyə və idxal-ixrac əlaqələrinə də təsir göstərir. Belə ki, bir çox ölkələr enerjiyə çıxışın məhdudlaşması ilə üzləşib.
İqtisadçı Natiq Cəfərli Crossmedia.az-a açıqlamasında bildirib ki, vəziyyət artıq böhranın başladığını, lakin hələ dərinləşmədiyini göstərir:

"Çünki, neftin və qazın qiyməti müharibənin ikinci həftəsinə qədər kəskin artmışdı. Hazırda qazın da, neftin də qiymətində müəyyən ucuzlaşmalar var. Bu onu göstərir ki, müharibə sona doğru yaxınlaşır. Ən azından belə bir ehtimal var".
İqtisadçının sözlərinə görə, enerji bazarı üçün təhlükə hələ də davam edir:
"Enerji bazarındakı təhlükənin səbəbi müharibənin hələ bitməməsidir. Amma o qiymətlərin pik dövrünü geridə qoymuşuq. Əgər ABŞ-İran arasında, o cümlədən Hörmüz boğazı ilə bağlı müəyyən anlaşma olsa, qiymətlərdə kəskin enməyə müşahidə oluna bilər".
Fatimə
13:07 26.03.2026
Oxunuş sayı: 60