Neft gəlirlərində artım müvəqqətidir – iqtisadçı
2026-cı ilin yanvar–fevral aylarında Azərbaycanın xarici ticarət göstəricilərində neft məhsullarının ixracı diqqət çəkən istiqamətlərdən biri olmuşdur. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ölkə bu dövrdə 103 min tondan çox neft məhsulu ixrac etmiş, bu ixracın ümumi dəyəri isə 75 milyon ABŞ dollarını keçmişdir. Maraqlıdır ki, ixracın fiziki həcmi əvvəlki illə müqayisədə azalsa da, onun dəyərində ciddi artım müşahidə olunmuşdur. Bu göstəricilər Azərbaycanın ümumi ixrac strukturunda neft məhsullarının payının və xarici ticarət dövriyyəsinin dinamikasının təhlilini aktuallaşdırır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən ReAl partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib ki, məsələ burada neft qiymətlərinin artması ilə bağlıdır: " Neft məhsullarının da qiyməti faktiki olaraq artır. Azərbaycanda daha çox neft məhsulları istehsal və ixrac etməyə çalışılır. Çünki bu, xam neft istehsalı və ixracından daha çox gəlir gətirir.

Bu, qlobal trendlərin dəyişməsi ilə əlaqəlidir və neft qiymətlərinin kəskin artması həm Azərbaycanın xam neftdən gələn gəlirlərini artırır, həm də neft məhsullarından əldə olunan gəlirləri artırır. Amma bu, nə vaxta qədər davam edəcək, uzunmüddətli olacaqmı? Bu, geosiyasi gərginlikdən asılı olacaq. Geosiyasi gərginlik azaldıqca, müharibə təhlükələri azaldıqca, neftin qiymətində də, neft məhsullarının qiymətində də aşağı düşmə trendinə keçəcəyik".
Mehriban Yariyeva
12:51 23.03.2026
Oxunuş sayı: 45