Yeni fırıldaq: Şəxsi məlumatlarınız bu yolla ələ keçirilir
Azərbaycanda qanunsuz onlayn kazino şəbəkəsinə qarşı keçirilən son əməliyyatlar bu sahədə mövcud təhlükələrin miqyasını bir daha ortaya qoyub. Sosial şəbəkələr üzərindən istifadəçiləri cəlb edən və "virtual kassalar" vasitəsilə fəaliyyət göstərən bu platformalar təkcə maliyyə itkisi ilə deyil, həm də kiberdələduzluq və şəxsi məlumatların oğurlanması riski ilə müşayiət olunur. Bu cür sistemlərin həm texniki alətlər, həm də psixoloji təsir mexanizmlərindən istifadə edərək vətəndaşları tələyə salması bu mövzunu gündəmə gətirir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında İnformasiya Kommunikasiya Texnologiyaları üzrə ekspert Elvin Abbasov bildirib ki, qanunsuz onlayn kazino şəbəkələri istifadəçiləri cəlb etmək üçün ilk növbədə saxta platformalar yaradır:
![]()
"Bu saytlar çox vaxt rəsmi oyun platformalarının dizaynını kopyalayır və istifadəçilərə "şok bonuslar" və "uduş zəmanəti" kimi vədlər verir. Əslində isə bu platformaların arxa planında işləyən zərərli proqramlar istifadəçinin brauzer məlumatlarını, parollarını və digər şəxsi məlumatlarını oğurlamaq üçün nəzərdə tutulur. Bu cür saytlar bloklansa da, dələduzlar hər gün yeni "güzgü" saytlar yaradaraq fəaliyyətlərini davam etdirirlər".
Ekspert "virtual kassa” mexanizminin də əsas risklərdən biri olduğunu bildirib. Onun sözlərinə görə, bu sistemdə istifadəçi birbaşa oyun platformasına deyil, sosial şəbəkələr və ya messencerlər vasitəsilə əlaqə saxlanılan şəxslərə – "kassirlərə" pul göndərir. Qarşılığında isə hesabına virtual balans yüklənir:
"Bu üsul qanunsuz pul dövriyyəsini gizlətmək məqsədi daşıyır. Lakin uduş zamanı həmin şəxslər çox vaxt ödəniş etməkdən imtina edir və istifadəçini bloklayır. Belə hallarda vətəndaşlar həm maddi zərər görür, həm də bilmədən qanunsuz fəaliyyətin iştirakçısına çevrilə bilər".
Ekspert istifadəçilərə xəbərdarlıq edərək bildirib ki, əgər artıq belə platformalara qoşulublarsa, dərhal təhlükəsizlik tədbirləri görməlidirlər: "İlk növbədə bütün hesabların parolları dəyişdirilməli, xüsusilə e-poçt və bank tətbiqlərində təhlükəsizlik gücləndirilməlidir. Əgər kart məlumatları daxil edilibsə, kart dərhal bloklanmalı və yenisi ilə əvəz olunmalıdır. Bundan əlavə, cihaz antivirus proqramı ilə yoxlanmalı və iki faktorlu identifikasiya aktivləşdirilməlidir".
O, sonda qeyd edib ki, bu kimi platformalardan uzaq durmaq və yalnız rəsmi, etibarlı mənbələrdən istifadə etmək kibertəhlükəsizlik baxımından ən doğru yanaşmadır.
Nigar Yahyazadə
11:38 19.03.2026
Oxunuş sayı: 66