Bayram namazı nəyi ifadə edir? – dini və psixoloji baxış
Ramazan ayını sona vururuq və artıq sabah bayramdır. Səhər saatlarında müsəlmanlar bayram namazını qılacaq.
Bu, həm dini, həm də sosial baxımdan önəmli gündür. İnsanlar yaxınları ilə görüşəcək, ailə süfrələrini paylaşacaq. Bayramın gəlişi ilə birlikdə ölkədə bayram əhval-ruhiyyəsi hiss olunur.
İlahiyyatçı Əkrəm Həsənov Crossmedia.az-a bayram namazından danışıb:
"Ramazan ayının son gününü yaşayırıq və sabah ölkəmizdə Ramazan bayramı qeyd olunacaq. Bildiyimiz kimi Ramazan bayramında birdə müsəlmanların bir araya gəldiyi bayram namazı var.
Əslində bayram namazı sadəcə bir ibadət deyil, müsəlmanın Ramazan boyu yaşadığı mənəvi tərbiyənin cəmiyyətə çıxan təzahürüdür. İnsan bir ay boyunca nəfsini tərbiyə edir, aclıq və səbir məktəbindən keçir, sonda isə Allahın hüzurunda şükür halında dayanır.

Bayram namazı məhz bu şükrün, bu daxili saflaşmanın zahiri ifadəsidir. Qurani-Kərimdə buyurulur ki, “Rəbbinin adını zikr edən və namaz qılan nicat tapdı” (Əla surəsi, 14-15).
Klassik təfsir alimləri, o cümlədən İbn Kəsir bu ayələrin bayram namazına işarə etdiyini qeyd edirlər. Yəni bu namaz sadəcə fərdi ibadət deyil, Allahın verdiyi nemətə müsəlmanların cəm formada etdiyi şükürdür.
Müsəlmanlar məscidlərə gəlib 2 rükət bayram namazları qılır, namazdan sonra salamlaşıb bir birlərini təbrik edirlər. Bayram namazını əslində evdə də ailə üzvləri ilə qılmaq olar. İmkanı olanların məscidə getməsi daha yaxşıdır. Camaatla namazın fəziləti daha yüksək olduğu üçün alimlər belə məsləhət görürlər. Ramazan bitir, amma onun ruhu bu namazla qorunur.
Peyğəmbərimiz Məhəmməd (s.ə.s) bayram namazına xüsusi əhəmiyyət verərdi. Hətta hədislərdə bildirilir ki, o, qadınların, gənclərin, hətta heyz halında olan qadınların belə bayram günü müsəlmanların toplaşdığı yerə çıxmasını istəyirdi ki, bu ümumi sevincə və duaya şahid olsunlar".
İlahiyyatçı qeyd edib ki, bu, bayram namazının yalnız fərdi ibadət yox, ictimai birlik aktı olduğunu göstərir:
"Başqa bir hədisdə Peyğəmbər (s.ə.s) buyurur ki, bu günlər yemək, içmək və Allahı zikr etmək günləridir. Yəni bayram namazı həyatın içində olan bir ibadətdir, insanı həyatdan ayırmır, əksinə onu mənalandırır.
İslam alimləri bayram namazının hökmü haqqında müxtəlif fikirlər söyləmişlər. Hənəfi məzhəbinə görə bu namaz vacib sayılır. İmam Əbu Hənifə bu məsələdə Peyğəmbərin davamlı şəkildə bu namazı qılmasını və müsəlmanları buna təşviq etməsini əsas götürür.
Şafii və Malikilərə görə isə bu, güclü sünnədir, yəni tərk edilməsi doğru sayılmayan bir ibadətdir. Hər iki halda ortaq məqam budur ki, bayram namazı müsəlman həyatında ciddi yer tutur və onu yüngül saymaq doğru deyil.
Bu ibadətin sosial tərəfi də çox dəyərlidir. Müasir sosioloji araşdırmalar göstərir ki, kollektiv ibadətlər insanlarda birlik hissini gücləndirir, sosial bağları möhkəmləndirir və tənhalığı azaldır.
Bayram namazında varlı ilə kasıb, vəzifəli ilə sadə insan eyni sırada dayanır. Bu, bərabərlik və qardaşlıq mesajıdır. Bu mənzərə Qurandakı “möminlər qardaşdır” prinsipinin canlı təcəssümüdür.
Digər tərəfdən, psixoloji baxımdan bayram namazı insan üçün bir növ mənəvi rahatlanma və yenilənmə nöqtəsidir. İnsan bir ay özünü nəzarətdə saxlayır, sonda isə bu ibadətlə daxili rahatlıq tapır. Müasir psixologiyada buna mənəvi tamamlanma hissi deyilir. İbadətin sonunda yaranan bu rahatlıq insanın ruh sağlamlığına da müsbət təsir göstərir".
Ə. Həsənov bayram namazının həm də insanı fərdilikdən çıxarıb ümmət düşüncəsinə gətirdiyini deyib:
"İnsan tək olmadığını hiss edir. O, böyük bir mənəvi ailənin üzvü olduğunu anlayır. Bu isə həm dini, həm də sosial baxımdan çox vacibdir. Çünki müasir dövrdə insanların ən böyük problemlərindən biri məhz tənhalıq və mənəvi boşluqdur.
Əslində bayram namazı sadəcə iki rükət namaz deyil. Bu, Ramazanın yekunu, şükürün ifadəsi, birliyin simvolu və insanın öz Rəbbi ilə yenidən bağ qurduğu bir andır.
Ona görə də, bu ibadətə sadəcə bir ənənə kimi yox, dərin mənəvi məna daşıyan bir görüş kimi yanaşmaq lazımdır. Bu görüşdə insan həm özünü, həm də cəmiyyətini yenidən kəşf edir".
Fatimə Məmmədova
11:31 19.03.2026
Oxunuş sayı: 3715