Neft "od qiymətinə olur"
Dünya bazarında neftin qiymətləri ən azı bir neçə ay yüksək səviyyədə qala bilər. Qlobal enerji bazarlarında müşahidə olunan bu tendensiya bir tərəfdən enerji ixrac edən ölkələr üçün əlavə gəlir imkanları yaratsa da, digər tərəfdən enerji idxalından asılı olan dövlətlər üçün iqtisadi təzyiqi artırır. Belə bir şəraitdə neftin bahalaşmasının hansı ölkələr üçün müsbət, hansıları üçün isə mənfi nəticələr doğura biləcəyi məsələsi yenidən müzakirə mövzusuna çevrilib.
Mövzu ilə bağlı iqtisadçı Fuad İbrahimov Crossmedia.az-a açıqlama verib:

"Bu məsələyə neftin bahalaşması və ucuzlaşması prosesinə diqqət yetirərək yanaşdıqda, ən azından 2000-ci ildən bu günə qədər olan dövrə nəzər salmaq kifayətdir. Son 25–26 il ərzində neftin bir barelinin qiyməti dəfələrlə 100 dolların üzərinə qalxıb, sonra isə yenidən enib.
Xüsusilə 2014-cü ilə qədər qiymətlər kifayət qədər yüksək olub və bundan sonrakı dövrlərdə də müəyyən zamanlarda yenidən 100 dollar həddini keçib. Burada çox sadə bir düstur var.
Enerji daşıyıcılarına ehtiyacı olan, yəni idxaldan asılı olan ölkələr üçün aydındır ki, enerji daşıyıcılarının qiyməti bahalaşdıqda, o cümlədən karbohidrogen ehtiyatlarının – yəni neftin qiyməti artdıqda – istehsal prosesində xərclər də artır. Bu, tamamilə təbii bir prosesdir və sadə iqtisadi qanunauyğunluqdur.
Neft ucuzlaşdıqda isə onun maya dəyərində və ümumilikdə istehsal proseslərində xərclərin azalması müşahidə olunur. Yəni bu gün neft amilindən asılı olan, xüsusilə idxaldan asılı ölkələrdə qiymətlər bahalaşdıqca, onların istehsal və ümumi xərcləri də artır".
İqtisadçı qeyd edib ki, eyni zamanda nefti hasil edən və ixrac edən ölkələr üçün isə vəziyyət fərqli olur: "Belə hallarda həmin ölkələrin nəzərdə tutulmuş proqnozlardan daha artıq gəlir əldə etməsi mümkündür.
Bu, əslində çox sadə bir iqtisadi düsturdur. Yəni bunu izah etmək üçün xüsusi bir kəşfə ehtiyac yoxdur. Qiymət artırsa, gəlir də artır. Digər tərəfdən isə qiymətin artması istehsal prosesində xərclərin yüksəlməsinə səbəb olur.
Bu cür sadə yanaşma ilə məsələnin ümumi mahiyyətini izah etmək mümkündür.
Hazırda da bildiyiniz kimi, neftin qiyməti yüksək səviyyədə ticarət olunur. Ən azından bir müddət əvvəl 70–80 dollar dəhlizində olan qiymətlər artıq 100–110 dollar intervalına daxil olub.
Yəni bu prosesə də məhz belə sadə iqtisadi düstur prizmasından yanaşmaq mümkündür".
Ayhan
15:25 16.03.2026
Oxunuş sayı: 57