Yaxın Şərqdəki müharibənin təsirlərini cibimizdə hiss edəcəyik- Bahalaşma qapıda!
Dünya enerji bazarlarında baş verən son proseslər fonunda Azərbaycan neftinin qiymətində də nəzərəçarpacaq artım müşahidə olunur. Belə ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,72 ABŞ dolları və ya 7,6 faiz artaraq 94,62 ABŞ dollarına yüksəlib. Qlobal enerji bazarlarında qiymətlərin artması əsasən geosiyasi gərginlik, enerji marşrutları ətrafında yaranan risklər və bazardakı gözləntilərlə əlaqələndirilir. Bu vəziyyət isə həm neft ixrac edən ölkələr, həm də enerji idxalından asılı olan dövlətlər üçün müxtəlif iqtisadi nəticələr yaradır. Bəs mövcud artım nə qədər davam edə bilər və neftin bahalaşması Azərbaycan üçün, eləcə də bizdən neft alan ölkələr üçün hansı iqtisadi təsirləri formalaşdıracaq? Rəqabət mühitində vəziyyət necə dəyişə bilər?

Mövzu ilə bağlı iqtisadçı Fuad İbrahimov Crossmedia.az-a açıqlama verib:
" “Azeri Light” markalı neftin qiymətinin bahalaşması aydın məsələdir ki, ölkəmizin əlavə gəlirlərinin formalaşmasına şərait yaradır. Yəni, əvvəlcədən müəyyən proqnozlaşdırılmış bir dəhliz var idi və biz həmin proqnozlara uyğun şəkildə öz təbii sərvətlərimizi iqtisadi dövriyyəyə cəlb edir, bundan gəlir əldə edirdik.
Bugünkü vəziyyətdə isə qiymətlərin həmin proqnozlardan daha yüksək səviyyədə formalaşması nəticəsində ölkəyə əlavə gəlirlərin daxil olmasına imkan yaranır. Ən başlıcası isə ondan ibarətdir ki, biz hələ də müəyyən dərəcədə neft amilindən asılıyıq. Bu baxımdan qiymətlərin artması gəlir nöqteyi-nəzərindən bizim üçün əlverişli iqtisadi mühit formalaşdırır".
İqtisadçı bildirib ki, hazırda Yaxın Şərqdə – İran, İsrail və ABŞ arasında baş verən gərginlik nəticəsində müəyyən risklərin yarandığını görürük: "Bildiyiniz kimi, həmin region dünya enerji daşımaları üçün strateji əhəmiyyət daşıyan bir keçid nöqtəsidir. İstər qaz, istərsə də neft ixracı baxımından bu ərazi dünya ölkələrinin enerji resurslarının daşınmasını təmin edən mühüm boğazlardan biridir.
Əgər belə bir bölgədə hər hansı ciddi çətinlik və ya məhdudiyyət yaranarsa, bu, birbaşa olaraq dünya bazarında qiymətlərin bahalaşmasına şərait yaradan bir mühit formalaşdırır. Lakin burada bir məqamı da unutmaq olmaz: dünya bazarlarında qiymət formalaşması yalnız məntiqi iqtisadi amillərlə deyil, eyni zamanda spekulyativ mexanizmlərlə də tənzimlənir.
Bu spekulyativ alətlər hərəkətə gəldikdə isə bəzən bütün iqtisadi məntiq kənara qoyulur və bazar tamamilə idarəolunmaz, gözlənilməz istiqamətdə hərəkət edə bilir. Belə halların baş vermə ehtimalı çox yüksək olmasa da, müəyyən risk kimi hər zaman mövcuddur və bunu nəzərə almaq lazımdır.
O ki qaldı neftin bahalaşmasının bizdən neft alan ölkələrə təsirinə, burada da bir neçə məqamı qeyd etmək lazımdır. Birincisi, Azərbaycanın neft ixracı əsasən alternativ və təhlükəsiz marşrutlar vasitəsilə həyata keçirilir. Məsələn, Bakı–Tbilisi–Ceyhan kəməri münaqişə zonalarından kənarda yerləşir və bu baxımdan daha təhlükəsiz və müstəqil şəkildə fəaliyyət göstərir.
Yəni bu marşrutun hər hansı regional münaqişədən birbaşa təsirlənmə ehtimalı nisbətən azdır və ixrac prosesi daha dayanıqlı mühitdə həyata keçirilir. Təbii ki, qiymətlər bahalaşdıqca Azərbaycanın gəlirləri də artacaq və bu da iqtisadiyyatımıza əlavə imkanlar yaradacaq.
Digər tərəfdən isə neft idxalından asılı olan ölkələr üçün vəziyyət fərqli olacaq. Belə ölkələrdə qiymətlərin bahalaşması istehlakçı xərclərinin artmasına, enerji qiymətlərinin yüksəlməsinə və ümumilikdə iqtisadiyyatın əlavə yük altında qalmasına səbəb ola bilər.
Neftin qiymətinin hara qədər yüksələ biləcəyinə gəlincə isə bunu dəqiq demək çətindir. Hazırkı vəziyyətdə qiymətlər impulsiv şəkildə 100 dolları, hətta 120 dolları belə keçə bilər. Eyni zamanda, spekulyativ təsirlərin nəticəsində bazarda gözlənilməz enişlər də baş verə bilər.
Yəni ümumilikdə belə bir vəziyyətin formalaşması mümkündür və bu prosesləri konkret zaman və məkan çərçivəsində diqqətlə izləmək lazımdır. Ancaq ümumi institusional proqnozlar göstərir ki, əgər münaqişə enerji daşınmalarının həyata keçirildiyi əsas keçid nöqtələrinə fokuslanarsa, qiymətlərin artım istiqamətində hərəkəti daha real görünür".
Ayhan
14:33 10.03.2026
Oxunuş sayı: 828