Qonşudakı müharibə Azərbaycan bazarlarında qiymətlərə necə təsir edəcək?
Yaxın Şərqdə yenidən alovlanan hərbi qarşıdurmalar təkcə regionun təhlükəsizlik mühitini deyil, eyni zamanda qlobal iqtisadi sabitliyi də ciddi şəkildə sınağa çəkir. Müharibənin uzanması enerji daşıyıcılarının qiymətində dalğalanmalar yaratmaqla yanaşı, logistika zəncirlərinə və beynəlxalq ticarət marşrutlarına da təsir göstərir. Bu amillər isə xüsusilə ərzaq bazarında qiymətlərin artması ehtimalını gücləndirir. Belə bir şəraitdə əsas suallardan biri odur ki, Yaxın Şərqdəki gərginlik dünya üzrə ərzaq qiymətlərinin bahalaşmasına səbəb olacaqmı və mümkün artım daha çox hansı məhsullarda müşahidə edilə bilər?
Mövzu ilə bağlı iqtisadçı-alim Elşən Bağırzadə Crossmedia.az-a açıqlama verib:

"Yaxın Şərqdə baş verən müharibə qlobal ərzaq bazarlarına müəyyən təsir göstərə bilər. Bu təsir əsasən logistika və enerji kanalları vasitəsilə yaranır. Region dünya ticarət marşrutlarının mühüm hissəsinin keçdiyi ərazi olduğuna görə, hərbi gərginlik nəqliyyat və sığorta xərclərini artırır. Enerji qiymətlərinin yüksəlməsi də kənd təsərrüfatı istehsalının və daşınmasının maya dəyərini artıraraq qlobal ərzaq qiymətlərinə müəyyən təzyiq yarada bilər. Əgər gərginlik uzun müddət davam edərsə, bu, xüsusilə taxıl, bitki yağları və yem xammalları kimi beynəlxalq ticarətdən daha çox asılı olan məhsullarda qiymət dəyişikliklərinə səbəb ola bilər".
Ekspert əlavə edib ki, qlobal ərzaq bazarında bu dəyişikliklər Azərbaycan daxil olmaqla bütün ölkələrə təsir edə bilər: "Ancaq Azərbaycan bazarı üçün isə təsirin bir qədər fərqli və daha konkret kanalları var. İranın kənd təsərrüfatı və ərzaq məhsullarının ixracını dayandırması ölkəmiz üçün mühüm amildir. İran Azərbaycana meyvə-tərəvəz və bəzi digər kənd təsərrüfatı məhsullarının əsas tədarükçülərindən biridir. Bu ixracın dayanması qısamüddətli dövrdə bazarda təklifin azalmasına və xüsusilə meyvə-tərəvəz kimi tez xarab olan məhsullar üzrə qiymət artımı riskinə səbəb ola bilər".
İqtisadçı son olaraq bildirib ki, bununla belə, ümumi qiymətləndirməyə görə, əgər münaqişə genişlənməz və ixrac məhdudiyyətləri uzun müddət davam etməzsə, həm qlobal bazarda, həm də Azərbaycanda ərzaq qiymətlərinə təsir daha çox qısamüddətli və məhdud xarakter daşıya bilər".
Ayhan
09:55 10.03.2026
Oxunuş sayı: 83