Azərbaycana yeni investorların cəlb olunması gözlənilir
Azərbaycan son illərdə enerji strategiyasında bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi önəm verir. Bu istiqamətdə ölkənin uzunmüddətli məqsədlərindən biri enerji istehsalında alternativ mənbələrin payını artırmaq və enerji təhlükəsizliyini daha da gücləndirməkdir. Prezident İlham Əliyev də çıxışlarında qeyd edir ki, bərpa olunan enerji potensialının genişləndirilməsi həm iqtisadi inkişaf, həm də enerji resurslarından daha səmərəli istifadə baxımından böyük əhəmiyyət kəsb edir.
Dövlət başçısının bildirdiyinə görə, Azərbaycan 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6–8 giqavat həcmində elektrik enerjisi əldə etməyi planlaşdırır. Bu enerji potensialı ölkənin daxili tələbatının ödənilməsi, sənaye və texnologiya sahələrinin inkişafı, eləcə də artıq qalan enerji resurslarının ixracı üçün mühüm imkanlar yaradacaq. Xüsusilə kommunikasiya sektoru, süni intellekt və məlumat mərkəzlərinin inkişafı baxımından elektrik enerjisinin artırılması strateji əhəmiyyət daşıyır.

Məsələ ilə bağlı iqtisadçı - ekspert Natiq Cəfərli Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Təbii ki, əgər biz bərpa olunan enerjinin istehsalını və istehlakını artıracağıqsa, bu, ölkə üçün daha faydalı nəticələr verəcək. Bunun əsas üstünlüyü ondan ibarətdir ki, enerji balansımızda bərpa olunan mənbələrin payı artacaq. Məsələn, hazırda elektrik enerjisinin istehsalında istifadə olunan təbii qaz əsasən modul tipli elektrik stansiyalarında sərf olunur. Bərpa olunan enerji mənbələrinin genişləndirilməsi nəticəsində bu sahədə qaz sərfiyyatına qənaət ediləcək və qənaət olunan həcm Avropa bazarlarına ixrac oluna biləcək. Digər tərəfdən, Azərbaycan bir sıra iri beynəlxalq şirkətlərlə ölkə ərazisində məlumat mərkəzlərinin (data bazalarının) yaradılması istiqamətində danışıqlar aparır. Bu cür mərkəzlərin qurulması, xüsusilə süni intellekt və digər yeni texnologiyalar üçün məlumatların emalı və saxlanılması baxımından böyük əhəmiyyət kəsb edir. Lakin bu sahələrin inkişafı birbaşa olaraq elektrik enerjisi təminatı ilə bağlıdır. Buna görə də, ölkədə elektrik enerjisinin istehsalı nə qədər çox olarsa, bir o qədər də yeni investorların cəlb edilməsi üçün əlverişli şərait yaranacaq".
Elmir Heydərli
16:52 04.03.2026
Oxunuş sayı: 518