"Abşeron" yatağının işlənməsinin ikinci mərhələsi üzrə investisiya sazişinin imzalanması gözlənilir
Ölkə başçısı İlham Əliyev bildirib ki, Azərbaycan yaxın iki-üç il ərzində Abşeron yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasını gözləyir. Dövlət başçısı bu barədə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı məlumat verib.
Prezident qeyd edib ki, bu il həmçinin Azəri-Çıraq-Günəşli yatağının dərin qaz laylarından hasilata başlanması gözlənilir. Onun sözlərinə görə, ötən il planlaşdırılan hasilat baş tutmasa da, cari ildə bu prosesin başlaması gözlənilir və enerji layihələrinin genişlənməsi ölkənin qaz hasilatı potensialını daha da artıracaq.

Məsələ ilə bağlı neft məsələləri üzrə ekspert İham Şaban Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Hazırda 2023-cü ilin 10 iyul tarixindən "Abşeron" yatağının işlənməsinin birinci mərhələsi həyata keçirilir. Həmin mərhələ üzrə ildə 1,5 mlrd kubmetr qaz və təqribən 600 min ton kondensat (ultra yüngül neft) çıxarılır. Bu ilin ortasına "Abşeron" yatağının işlənməsinin ikinci mərhələsi üzrə investisiya sazişinin imzalanması gözlənilir. Saziş imzalanandan sonra 2030-cu ilə "Abşeron-2" üzrə ilk qazın çıxarılması planlaşdırılr. Bu mərhələdə illik 4,5 mlrd kubmetr qaz çıxarılması gözlənilir ki, bunun da yarısı Türkiyə bazarında satılacaq".
Elmir Heydərli
16:37 04.03.2026
Oxunuş sayı: 541