Enerji bahalaşır: Dünyada nələr dəyişəcək?
Avropada qazın qiymətinin 500 dolları keçməsi enerji bazarlarında yenidən ciddi dalğalanmanın başladığını göstərir. Son aylarda qlobal enerji tədarükündə yaranan qeyri-müəyyənlik, geosiyasi risklərin artması və mövsümi tələbatın yüksəlməsi qiymətlərə birbaşa təsir edir. Xüsusilə Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyini alternativ mənbələr hesabına təmin etməyə çalışması bazarda əlavə təzyiq formalaşdırır. Digər tərəfdən, Rusiya ilə münasibətlərdə davam edən gərginlik və tranzit marşrutları ətrafında yaranan risklər təklif həcmini məhdudlaşdıraraq qiymət artımını sürətləndirir.
Eyni zamanda Asiya bazarlarında mayeləşdirilmiş təbii qaza (LNG) artan tələbat, anbar ehtiyatlarının gözləniləndən aşağı səviyyədə olması və spekulyativ əməliyyatlar da qiymətlərin 500 dollar həddini aşmasına səbəb olan əsas amillər sırasındadır. Bu tendensiya Avropada həm sənaye sektoruna, həm də məişət istehlakçılarına əlavə maliyyə yükü yarada bilər.

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Crossmedia.az-a açıqlama verib: "Avropada qazın qiymətinin 500 dolları ötmesi bir neçə amilin eyni vaxtda təsiri ilə bağlı ola bilər. Əsas səbəblərdən biri təklifin azalmasıdır. Qazın mühüm təchizatçılarından olan Gazprom tərəfindən ixracın məhdudlaşdırılması və ya Rusiya ilə Avropa ölkələri arasında geosiyasi gərginliyin artması bazarda çatışmazlıq yarada bilər. Bu cür risklər enerji bazarında qiymətləri həssas və dəyişkən edir. Mövsümi amillər də mühüm rol oynayır. Qış aylarında isitmə tələbatı artdığı üçün qaz istehlakı yüksəlir. Əgər yeraltı anbarlarda ehtiyatlar aşağı səviyyədədirsə, əlavə alışlar və bazar iştirakçılarının ehtiyatlı davranışı qiymətləri daha da artırır. Qlobal LNG bazarındakı vəziyyət də Avropaya birbaşa təsir göstərir. Asiyada tələbat artdıqda mayeləşdirilmiş təbii qaz yükləri həmin bazarlara yönəlir və Avropada təklif azalır. Bununla yanaşı, enerji birjalarında spekulyativ əməliyyatlar və investor gözləntiləri də qiymət dalğalanmalarını gücləndirə bilər. Bərpa olunan enerji mənbələrində, xüsusilə külək enerjisində istehsalın azalması da elektrik istehsalında qazdan asılılığı artıraraq qiymətlərə təzyiq yaradır".
Onun sözlərinə görə, Hörmüz boğazı ilə bağlı risklər də dolayı yolla qaz bazarına təsir edir: "Bu boğaz Körfəz regionundan neft və LNG daşımalarının əsas keçid nöqtəsidir. Onun bağlanması və ya təhlükəsizlik risklərinin artması ilk növbədə neftin qiymətini yüksəldir. Neft bahalaşdıqca enerji bazarında ümumi qiymət təzyiqi formalaşır və alternativ yanacaq kimi qaza tələbat artır. Eyni zamanda, Körfəz ölkələrindən, o cümlədən böyük LNG ixracatçılarından olan Qətərin tədarükündə mümkün fasilələr qlobal təklifi azalda və Avropada qiymət artımını sürətləndirə bilər. Beləliklə, təklifin azalması, mövsümi tələbat, qlobal LNG bazarındakı rəqabət, bərpa olunan enerji istehsalındakı dəyişikliklər və strateji marşrutlarla bağlı risklər birlikdə qazın qiymətinin 500 dollar həddini keçməsinə səbəb ola bilər".
Ayhan
15:32 04.03.2026
Oxunuş sayı: 620