Neft ucuzlaşıb, amma...
Dünya enerji bazarlarında müşahidə olunan son dəyişikliklər fonunda Azərbaycan neftinin əsas ixrac markası olan Azeri Light-ın qiymətində cüzi azalma qeydə alınıb. Hərracların nəticələrinə əsasən, bir barelin qiyməti 0,03 ABŞ dolları və ya 0,04 faiz azalaraq 72,75 ABŞ dolları təşkil edib. Eyni zamanda, qlobal bazarda etalon sayılan Brent markalı neftin aprel fyuçersləri 70,94 ABŞ dolları səviyyəsində formalaşıb ki, bu da dünya bazarındakı ümumi dinamikanı əks etdirir.
Türkiyənin Ceyhan limanında FOB bazasında isə Azeri Light markalı neftin bir barelinin qiyməti 70,10 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb və hazırkı qiymətlər büdcə proqnozlarından yuxarı qalmaqdadır. Xatırladaq ki, bu neft markası Azəri-Çıraq-Günəşli yataqlar blokunda hasil olunur və layihədə SOCAR-ın payı 31,65 faiz təşkil edir.
Məsələ ilə bağlı neft məsələləri üzrə ekspert İlham Şaban Crossmedia.az-a danışıb .
O, bunun ciddi əhəmiyyətə malik olmadığını bildirib: "Bu tendensiya hər gün müşahidə olunur, onun qısa diapazonda dəyişməsinin nə alıcıya, nə də satıcıya hansısa bir təsiri yoxdur. Çünki ən azından ay yekunlaşanda adam bilir ki, yanacağa bu ay çox pul verdi, ya az".
Elmir Heydərli
13:48 28.02.2026
Oxunuş sayı: 860