Cənnət haradadır? - Elm və inancın kəsişdiyi nöqtə
Bəzən insanlar düşünür ki, cənnət sadəcə dini mətnlərdə təsvir olunan mənəvi bir aləmdir və onun real məkanla heç bir əlaqəsi yoxdur.
Lakin son illər bu anlayışa fərqli prizmadan yanaşan fikirlər də ortaya çıxır. Elə iddialar var ki, cənnət yalnız metaforik məna daşımır, kainatın haradasa əlçatmaz bir nöqtəsində fiziki olaraq mövcud ola bilər.
Bu yanaşma zaman və məkan anlayışına yeni baxış bucağından yanaşmağı tələb edir.
Xüsusilə, kainatın sərhədləri və “zamansızlıq” ehtimalı bu müzakirələri daha da maraqlı edir.
Nəticədə, elm və inancın kəsişdiyi nöqtədə cənnətin real olub-olmaması sualı yenidən gündəmə gəlir.
İlahiyyatçı Rüfət Qarayev bu barədə Crossmedia.az-a danışıb:

"Cənnət və ya Cəhənnəm bizim ağlımızla dərk edə bilməyəcəyimiz və maddi olaraq təsəvvürümüzün tamamilə fövqündə dayanan bir yerdir. Allaha və onun Rəsuluna inanan insanlar Qurani-Kərimin ayələrinə və Allah Rəsulunun (s) hədislərinə söykənərək, Cənnət və Cəhənnəmin varlığına inanır və qəlbləriylə də təsdiq edirlər. Amma Cənnətin və ya Cəhənnəmin harada olduğu və ya necə olduğu bütün nəzəriyyələrin fövqündə dayanır və heç bir əsas təşkil etmir".
İlahiyyatçının fikrincə hər şeydən öncə inanmaq lazımdır:
"Önəmli olan inanmaqdır və Cənnətə aparacaq əməllər edərək yaşamaqdır. Biz inanırıq ki, Allah və Rəsulu (s) nəyi buyururlarsa doğru buyururlar. Bizə düşən bu buyurulanlara inanmaq və inandığımız dəyərlər uğrunda da çalışmaqdır".
Fatimə Məmmədova
13:41 26.02.2026
Oxunuş sayı: 588