Azərbaycanda inflyasiya gözlənilir?
Azərbaycanda makroiqtisadi sabitliyin əsas göstəricilərindən biri olan inflyasiya dinamikası 2026-cı ildə də iqtisadi gündəliyin diqqət mərkəzində qalmaqdadır. Beynəlxalq analitik qurum Fitch Solutions tərəfindən yayımlanan proqnozlara əsasən, ölkədə orta illik inflyasiyanın əvvəlki illə müqayisədə nisbətən sabit səviyyədə qalacağı gözlənilir ki, bu da qiymət sabitliyinin qorunması istiqamətində aparılan iqtisadi siyasətin nəticəsi kimi qiymətləndirilə bilər. Bununla yanaşı, qlobal iqtisadi proseslər və xarici təsir amilləri inflyasiya göstəricilərinə təsir edən əsas risk faktorları olaraq qalır.
Analitiklərin qiymətləndirmələrinə görə, geosiyasi gərginliklər və təchizat zəncirlərində mümkün pozuntular inflyasiya risklərini artıran başlıca amillər sırasındadır. Xüsusilə ərzaq məhsulları üzrə idxaldan asılılığın davam etməsi, nəqliyyat və əməliyyat xərclərinin artımı fonunda daxili qiymət səviyyəsinə əlavə təzyiq yarada bilər. Bu baxımdan, xarici bazarlardakı dəyişikliklər və regional iqtisadi proseslər ölkənin inflyasiya perspektivlərinə təsir edən mühüm iqtisadi faktorlar kimi dəyərləndirilir.

Məsələ ilə bağlı iqtisadçı - ekspert Pərviz Heydərov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "İnflyasiya ilə bağlı uzunmüddətli proqnozlar qeyri-dəqiq xarakter daşıyır. Bu, mövcud iqtisadi sistemi hansı mexanizm əsasda təşkil olunmasından asılı olmayaraq bütün ölkələrə aid bir məsələdir. "Fitch Solutions" beynəlxalq analitik şirkət və yaxud qeyriləri əvvəla, Azərbaycanda inflyasiyatörədici amillərin heç də hamısını gözönünə ala və müəyyən edə bilməzlər. İkincisi, qlobal iqtisadiyyatdakı proseslərin özünü belə proqnozlaşdırmaq çətindir. Üçüncüsü isə, ölkəmizdə qiymət artımları üçün risklər heç də təkcə, bu və ya digər ölkəylə qarşılıqlı ticarət əlaqələrindən asılı deyil və olmayıb da. Odur ki, bu cür proqnozlar nisbi əhəmiyyət kəsb edir. Sadəcə olaraq reallıq bundan ibarətdir ki, bizdə inflyasiya kövrək xarakter daşıyır, o, hər an alovlana bilər, uzun müddət sabit də qalar. Buna görə də qeyd olunan amil həmişə diqqət mərkəzindəndədir".
Elmir Heydərli
12:07 23.02.2026
Oxunuş sayı: 608