Dağlıq və ucqar rayonlarda torpaq resurslarından necə istifadə olunur?
Azərbaycanda ucqar və dağlıq rayonlarda torpaq bazarının real iqtisadi şərtlərə uyğun formalaşmaması bələdiyyələrin maliyyə dayanıqlığını zəiflədən əsas amillərdən biri kimi qiymətləndirilir.
Milli Məclisin plenar iclasında çıxış edən deputat Vasif Qafarov Lerik kimi bölgələrdə torpağın süni şəkildə yüksək qiymətləndirilməsinin həmin sahələrin faktiki istifadəsiz qalmasına və bələdiyyələrin gəlir əldə etmə imkanlarının məhdudlaşmasına səbəb olduğunu bildirib.
Onun sözlərinə görə, mövcud vəziyyət yalnız qiymət məsələsi ilə məhdudlaşmır, eyni zamanda bələdiyyə torpaqlarının sərhədlərinin dəqiq müəyyən edilməməsi və xəritə əsaslarının olmaması yerli özünüidarəetmə institutlarının normal fəaliyyətinə ciddi maneə yaradır.
Məsələ ilə bağlı İqtisadi Resursların Öyrənilməsi ictimai birliyinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Torpaq resurslarının istifadəsi və idarə olunması əsasən iki mənbə üzərindən həyata keçirilir: dövlət torpaqları və şəxsi mülkiyyətdə olan torpaqlardır.
Birinci kateqoriyaya aid olan dövlət torpaqları müvafiq icra strukturları və bələdiyyələr tərəfindən qiymətləndirilərək icarəyə verilir. Bu torpaqlardan istifadə müqavilə əsasında həyata keçirilir və tərəflər arasında hüquq və öhdəliklər aydın şəkildə müəyyən olunur. Dövlət torpaqlarının icarəsi zamanı əsas məqsəd həmin sahələrdən səmərəli və qanunauyğun şəkildə gəlir əldə edilməsidir.
İkinci mənbə isə vətəndaşların şəxsi mülkiyyətində olan torpaqlardır. Bu torpaqlar da icarəyə verilə bilər və bu proses bazar mexanizmlərinə, qarşılıqlı razılaşmaya və təklif-tələb prinsiplərinə əsaslanır. Belə torpaqların istifadəsində mülkiyyətçinin hüquqları qorunur, icarəçi isə müqavilə şərtlərinə uyğun fəaliyyət göstərir.
Bununla yanaşı, kənd və qəsəbə ərazilərində yerləşən bələdiyyə torpaqları da xüsusi əhəmiyyət daşıyır. Bu torpaqlar bələdiyyələrin fəaliyyət dairəsindədir və onların hansı meyarlar əsasında, hansı şərtlərlə icarəyə verilməsi ciddi nəzarət və qiymətləndirmə tələb edir. Son illərdə bələdiyyələr tərəfindən torpaqların daha obyektiv və real bazar dəyərinə uyğun qiymətləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu isə şəffaf müqavilələrin bağlanmasına və torpaq münasibətlərinin sağlam şəkildə formalaşmasına səbəb olur.
Ümumilikdə, torpaq icarəsi sahəsində aparılan islahatlar və yenilənmə təşəbbüsləri müəyyən mübahisələr doğursa da, bu proses cəmiyyət və iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir. Əsas məsələ torpaq resurslarının ədalətli, şəffaf və səmərəli şəkildə istifadəsinin təmin olunmasıdır".
O, həmçinin dünya təcrübəsində isə fərqli modellərin olduğunu bildirib:
"Dünya təcrübəsində müxtəlif modellər mövcuddur ki, əhaliyə torpaq verilirsə, lakin bu torpaq istifadə olunmursa bu da kənd təsərrüfatı məhsullarına təsir edir. Bu baxımdan torpaqla bağlı stimullaşdırıcı tədbirlər görülür ki, torpaq yiyəsinin icarəyə verməkdə marağı artır və konkret qiymət qoyulmur ki, bu qiymətə icarəyə ver".
Elmir Heydərli
17:03 17.02.2026
Oxunuş sayı: 543