Orta Dəhliz Azərbaycanın siyasi və iqtisadi gücünə necə təsir edəcək?
Son illər iqlim dəyişiklikləri və ekoloji problemlər qlobal gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Bu çərçivədə keçirilən COP kimi beynəlxalq iqlim konfransları dövlətlərin enerji siyasətinə və ekoloji məsuliyyətinə dair yanaşmalarını ortaya qoyan mühüm platforma hesab olunur. Lakin bəzi hallarda bu tədbirlər obyektiv müzakirə müstəvisindən çıxaraq, müəyyən ölkələrə qarşı media təzyiqləri və siyasi hücumlarla müşayiət edilir.
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşündə səsləndirdiyi fikirlər də məhz bu məsələyə diqqət çəkib.
Dövlət başçısı bildirib ki, neft və qaz istehsalında Azərbaycandan dəfələrlə çox göstəriciyə malik olan bəzi ölkələr COP tədbirlərinə ev sahibliyi etsələr də, eyni səviyyədə tənqid və media hücumlarına məruz qalmırlar.
Prezident qeyd edib ki, ölkələr karbohidrogen gəlirlərinə görə deyil, həmin gəlirlərin necə idarə olunması və xalqın rifahına necə yönəldilməsi ilə qiymətləndirilməlidir.
Bununla yanaşı, Azərbaycan təbii qaz ehtiyatları baxımından uzunmüddətli təminata malik olsa da, bərpaolunan enerji sahəsinə böyük sərmayələr yatıraraq, 2032-ci ilə qədər 7-8 giqavat Günəş və külək enerjisi əldə etməyi planlaşdıraraq iqlim məsələlərinə məsuliyyətli yanaşdığını nümayiş etdirir.
Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, Azərbaycanın regional nəqliyyat-logistika strategiyasında Orta Dəhlizin inkişafı xüsusi əhəmiyyət daşıyır.

Deputat qeyd edib ki, Orta Dəhlizin mühüm seqmentlərindən biri olan və Ermənistan ərazisindən keçərək, uzanan dəmir yolu xəttinin reallaşması həm siyasi, həm də iqtisadi güc anlamına gəlməlidir: “Burada əsas siyasi amil Azərbaycanın lider mövqeyini daha da möhkəmləndirir. Orta Dəhlizin bu seqmenti olan yol vasitəsilə Azərbaycan öz logistika siyasətini şaxələndirir”.
Vüqar İskəndərov vurğulayıb ki, Azərbaycan regionda möhkəm təməllər üzərində siyasi iradəsini nümayiş etdirir və bu proses ölkənin siyasi çəkisini daha da artırır:
“Digər vacib məqam isə qarşılıqlı asılılığın möhkəmləndirilməsidir. Azərbaycan bu yolla həm Türkiyə, həm də Mərkəzi Asiya respublikalarını birləşdirərək Orta Dəhlizin yalnız dənizlər üzərindən deyil, eyni zamanda dəmir yolu və digər alternativ xətlər vasitəsilə inkişaf etməsini təmin edir”.
Deputatın sözlərinə görə, bu dəmir yolu layihəsi iqtisadi baxımdan da mühüm perspektivlər açır:
“Bu yol ilk növbədə tranzit baxımından gəlirli sahədir. Eyni zamanda nəqliyyat-logistika xətlərinin şaxələndirilməsi deməkdir. Bu isə bütün dövlətlər, xüsusilə də Azərbaycan üçün iqtisadi dövriyyənin artması anlamına gəlməlidir”.
O əlavə edib ki, əsas məsələlərdən biri də ötürücülük qabiliyyətinin daha da artırılmasıdır:
“Bu, Azərbaycanın digər logistik xətləri ilə, xüsusilə Qars dəmir yolu və Ələtdə yerləşən limanda artırılan ötürücülük qabiliyyəti ilə sıx bağlıdır. Ümumiyyətlə, tranzit yollardan əldə olunan maliyyə gəlirləri Azərbaycanın strateji mövqeyini daha da gücləndirir”.
Deputat bildirib ki, Azərbaycanın çox vacib coğrafi arealda yerləşməsi və yeni dəmir yolu xətti ilə daşımaların artması, daha qısa və rentabelli marşrutların seçilməsi baxımından ciddi üstünlüklər yaradır:
“İndiyə qədər çox xərc tələb edən yollardan fərqli olaraq daha qısa yolun seçilməsi bu məsələnin daha rentabelli olmasını qabarıq şəkildə üzə çıxarır”.
Vüqar İskəndərov ümumiləşdirərək qeyd edib ki, Prezident İlham Əliyevin ABŞ Ticarət Palatasının nümayəndələri ilə görüşdə bu məsələləri gündəmə gətirməsi Azərbaycanın regional strategiyasının prioritetlərini bir daha nümayiş etdirir:
“Bu, Orta Dəhlizin və onun seqmentlərinin daha da möhkəmlənməsi, Azərbaycanın burada həm siyasi, həm də iqtisadi gücünün artması deməkdir. Nəticə etibarilə ölkəmiz həm iqtisadi, həm də siyasi üstünlüklər əldə edir”.
Deputatın sözlərinə görə, hazırda dünyada ticarət yolları uğrunda rəqabətin gücləndiyi bir dövrdə yeni marşrutların formalaşması həmin ölkələrə mütləq müsbət təsir göstərir:
“Burada əsas məsələ həmin ölkələrdə siyasi və iqtisadi sabitliyin olmasıdır ki, Azərbaycan bu baxımdan nümunəvi ölkələrdən biridir”.
O qeyd edib ki, Orta Dəhliz Çindən başlayaraq Avropaya qədər uzanan strateji marşrut olmaqla yanaşı, dəmir yolu kimi mühüm elementlərin inkişafı Azərbaycanın hərtərəfli tərəqqisinə ciddi töhfə verəcək: “Gələcəkdə bu xəttin istifadəyə verilməsi Azərbaycanın inkişafına vacib töhfələr verəcəyinə heç bir şübhə yoxdur”.
Mehriban Yariyeva
10:55 12.02.2026
Oxunuş sayı: 3607