Kibertəhlükəsizlik mütəxəssisləri artırılmalıdır: Əmək bazarında tələbat var
Azərbaycanda rəqəmsal transformasiya və informasiya təhlükəsizliyinin təmin olunması sahəsində mühüm addımlar atılmışdır. Xüsusilə kibertəhlükəsizlik sahəsində insan kapitalının inkişafı və mütəxəssislərin hazırlanması əsas prioritet kimi müəyyən edilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Kibertəhlükəsizlik Mərkəzi son üç ildə ölkədə təxminən 500 kibertəhlükəsizlik mütəxəssisini əmək bazarına təqdim edərək, milli kibertəhlükəsizlik strategiyasının həyata keçirilməsində mühüm rol oynamışdır. Eyni zamanda, mərkəz yalnız kadr hazırlığı ilə kifayətlənməyərək, dayanıqlı kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması, yerli məhsulların inkişafı və rəhbər şəxslərin texnoloji biliklərinin artırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirmişdir. Bu proses, Azərbaycanın rəqəmsal təhlükəsizlik sahəsində həm milli, həm də beynəlxalq səviyyədə mövqeyinin gücləndirilməsinə xidmət edir.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan İnformasiya Texnologiyaları mütəxəssisi Elvin Abbasov bildirib ki, Şahmar Hacıyahyayevin qeyd etdiyi 500 mütəxəssis statistikası Azərbaycanın kibermüdafiə sahəsində atdığı ilk ciddi və sistemli addımın göstəricisidir:

“Nəzərə alsaq ki, bu məzunların böyük bir hissəsi artıq əmək bazarında özünə iş tapa bilib, bu, hazırlanan kadrların nə dərəcədə real tələblərə uyğun olduğunu sübut edir. Lakin 500 nəfər hələ ki ölkənin bütün ehtiyaclarını tam qarşılamaq üçün kifayət deyil; bu rəqəmi gələcək böyük inkişafın ilk peşəkar nüvəsi kimi görmək daha doğrudur”.
Mütəxəssis qeyd edib ki, bu kadrların işlə təmin olunma faizinin yüksəkliyi həm dövlət və özəl sektorun bu sahəyə olan marağını, həm də gənclərin bu çətin, lakin prestijli sahədə özlərini təsdiq etmək istəyini aydın şəkildə ortaya qoyur: "Bu sahəni daha da stimullaşdırmaq üçün sadəcə kadr hazırlığı ilə kifayətlənməyib, konkret yerli texnoloji həllərin yaradılmasını hədəfə almaq lazımdır. Məsələn, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi daxilində formalaşan "Cypho" və digər beş yerli layihə bu baxımdan çox şanslıdır. Çünki bu məhsulların yaranmasında birbaşa qurumun tam dəstəyinin olması onların həm bazarda yerini tutmasını, həm də gələcək dayanıqlılığını təmin edir”.
İT mütəxəssisi əlavə edib ki, gələcəkdə bu modeli daha da genişləndirərək gəncləri sadəcə mütəxəssis kimi deyil, həm də öz kiber-həllərini yaradan startapçılar kimi yetişdirmək ölkəmizin rəqəmsal gələcəyini daha da sığortalayacaqdır.
Mehriban Yariyeva
11:10 12.02.2026
Oxunuş sayı: 572