Azərbaycanda “ChatGPT” dövrü bitir? - Açıqlandı
Süni intellekt əsaslı chatbotlar Azərbaycanda da sürətlə yayılan texnologiyalar sırasındadır. Uzun müddət lider mövqedə olan “ChatGPT” isə son göstəricilərə görə bazar payında müəyyən azalma ilə üzləşib. “Statcounter”in hesabatına əsasən, ötən ay ChatGPT-nin bazar payı 84,62 % təşkil etmiş və dekabr ayı ilə müqayisədə 6,16 faiz bəndi azalmışdır. Eyni zamanda, Google-un “Gemini” modeli bazarda sürətlə yüksələrək 10,02 %-lik paya sahib olub. Bu isə süni intellekt chatbot bazarında rəqabətin gücləndiyini və istifadəçi seçimlərinin dəyişdiyini göstərir.
Mövzu ilə bağlı Crossmedia.az-a İnformasiya Texnologiyaları mütəxəssisi Elvin Abbasov bildirib ki, ChatGPT-nin Azərbaycandakı bazar payında müşahidə olunan azalma, süni intellekt bazarının “ilk həyəcan” mərhələsindən çıxaraq daha rəqabətli və spesifik tələblərə əsaslanan bir dövrə keçməsi ilə izah oluna bilər: “Texnoloji baxımdan, Google-un Gemini modelinin Android ekosisteminə dərin inteqrasiyası və Microsoft-un Copilot vasitəsilə ‘Office’ proqramlarında birbaşa əlçatan olması, istifadəçilərin ChatGPT-yə ayrıca tətbiq və ya veb-sayt kimi daxil olmaq ehtiyacını azaldıb. Bazar amilləri göstərir ki, artıq rəqabət yalnız "ağıllı cavab" vermək üzərində qurulmur, həm də istifadəçinin gündəlik iş mühitinə nə dərəcədə yaxın olmaqla bağlıdır”.
E.Abbasov əlavə edib ki, digər tanınmış dil modellərinin yerli bazara aqressiv girişi və istifadəçi vərdişlərini dəyişməsi də bu azalmanın əsas səbəblərindəndir: “Xüsusilə Claude (Anthropic) modeli uzun mətnləri analiz etmək və daha ‘insani’ yaradıcı yazı qabiliyyətinə malikdir, bu da peşəkar kontent yaradıcılarını özünə cəlb edib. Digər tərəfdən, Perplexity AI real zamanlı xəbər və mənbəyə istinadlı araşdırma imkanları ilə akademik və jurnalist auditoriyanı ChatGPT-dən ayırmağı bacarıb. Eyni zamanda, Azərbaycan dilinin qrammatik və lokal kontekstini daha dəqiq anlamağa çalışan bu alternativ modellər, istifadəçilərə ChatGPT-nin təklif etdiyi ümumi şablonlardan daha spesifik və dəqiq həllər təqdim edir".
Mehriban Yariyeva
10:39 06.02.2026
Oxunuş sayı: 700