Azərbaycanda onkoloji xəstəliklər niyə sürətlə artır? -MÜSAHİBƏ
Son illər Azərbaycanda uşaqlar arasında onkoloji xəstəliklərin artması artıq təkcə səhiyyə statistikası çərçivəsində qalan məsələ deyil, bütövlükdə cəmiyyət üçün ciddi narahatlıq doğuran sosial problemə çevrilib. Rəsmi məlumatlar göstərir ki, son 14 il ərzində uşaq onkoloji xəstələrinin sayı iki dəfə artıb. Bu göstərici valideynlər üçün qorxu, mütəxəssislər üçün isə ciddi suallar yaradır: uşaqlar niyə daha tez-tez bu xəstəliklə üz-üzə qalır, hansı risk faktorları bu artımı sürətləndirir və mövcud vəziyyətin qarşısını almaq mümkündürmü?
Məsələnin kökündə yalnız tibbi səbəblər dayanmır. Ətraf mühitin çirklənməsi, ekosistemdə tarazlığın pozulması, qida rasionunun dəyişməsi, süni və sintetik məhsulların gündəlik istifadəsinin artması, eləcə də urbanizasiyanın sürətlənməsi uşaqların sağlamlığına birbaşa təsir göstərən amillər sırasındadır. Digər tərəfdən, müasir dövrdə diaqnostika imkanlarının genişlənməsi və onkoloji xəstəliklərin daha erkən mərhələdə aşkarlanması da statistik artımda müəyyən rol oynayır.
Tibb elmləri doktoru, professor Adil Qeybulla bu barədə Crossmedia.az-ın suallarını cavablandırıb:
— Son 14 ildə Azərbaycanda uşaqlar arasında onkoloji xəstələrin sayının iki dəfə artmasının kökündə dayanan əsas faktorlar nələrdir?
— İlk növbədə onu qeyd etmək lazımdır ki, nə qədər canlı var, bir o qədər də onkoloji proses mövcuddur. Onkologiya canlı hüceyrələrin genom nəzarətindən çıxmasıdır və bu prosesə çoxsaylı amillər təsir göstərir. Son illərdə uşaqlar arasında onkoloji xəstəliklərin artması bir neçə əsas faktorla bağlıdır. Bunların başında ekosistemin pozulması, ətraf mühitin çirklənməsi, qidalanma vərdişlərinin dəyişməsi və texnogen təsirlərin artması dayanır. Digər tərəfdən, diaqnostika imkanlarının genişlənməsi və xəstəliklərin daha erkən aşkarlanması da statistik artımda rol oynayır.
— Onkoloji xəstəliklərin artmasında irsi faktorlar rol oynayırmı?
— Bəli, irsi faktorlar müəyyən hallarda rol oynayır. Lakin qeyd etmək lazımdır ki, uşaqlarda onkoloji xəstəliklərin böyük əksəriyyəti birbaşa irsi deyil. Daha çox genetik mutasiyalar və xarici mühit faktorlarının təsiri nəticəsində yaranır. Yəni valideyndə onkoloji xəstəlik olması mütləq şəkildə uşaqda da eyni problemin olacağı anlamına gəlmir. İrsi meyillilik risk yarada bilər, amma həlledici amil deyil.
— Uşaqlarda müşahidə edilən onkoloji xəstəlikləri müalicə etmək mümkündürmü ki, gələcəkdə ciddi problemlər yaratmasın?
— Müasir tibbin imkanları bu sahədə kifayət qədər genişdir. Uşaqlarda rast gəlinən bir çox onkoloji xəstəlik vaxtında aşkarlandıqda tam müalicə oluna bilir və gələcəkdə ciddi fəsadlara yol açmır. Erkən diaqnostika, düzgün müalicə strategiyası, immunoterapiya və hədəfli terapiya kimi müasir üsullar sağalma faizini xeyli artırıb. Əsas məsələ xəstəliyin vaxtında aşkarlanmasıdır.
— Bəs uşaqlar arasında ən çox yayılmış və ən təhlükəli onkoloji xəstəliklər hansılardır?
— Uşaqlarda ən çox rast gəlinən onkoloji xəstəliklər arasında leykemiyalar, limfomalar, beyin şişləri və bəzi bərk toxuma şişləri xüsusi yer tutur. Bu xəstəliklər təhlükəli olsa da, müasir müalicə üsulları sayəsində onların əhəmiyyətli bir hissəsi nəzarət altına alına və müalicə edilə bilir.

— Qeyd etdiyin ki, qidalanma da vərdişləri bu xəstəliklərin yaranmasına təsir gedir...
— Bəli, qidalanma faktorunun rolu olduqca böyükdür. Son illərdə süni və sintetik qidaların, fast-food məhsullarının, keyfiyyət göstəriciləri aşağı olan emal olunmuş qidaların payı artıb. Bu məhsulların tərkibində olan kanserogen maddələr orqanizmdə sərbəst radikalların yaranmasına, gen mutasiyalarına və nəticə etibarilə onkoloji proseslərin sürətlənməsinə səbəb olur. Uşaqların düzgün və balanslı qidalanması onkoloji risklərin azaldılmasında mühüm əhəmiyyət daşıyır.
—Tibbin bu qədər inkişaf etdiyi bir dövrdə gələcəkdə onkoloji xəstəliklərə tam çarə tapıla bilərmi?
— Onkoloji xəstəlik yoluxucu xəstəlik deyil ki, bir dərmanla tamamilə aradan qaldırılsın. Canlı həyat mövcud olduqca, onkoloji proseslər də mövcud olacaq. Lakin tibbin inkişafı nəticəsində müalicə üsulları getdikcə daha da təkmilləşir. İmmunoterapiya, hədəfli terapiya, erkən skrininq proqramları onkoloji xəstəlikləri idarə olunan və sağalma şansı yüksək olan xəstəliklərə çevirir. Yəni məqsəd onkologiyanı tamamilə yox etmək deyil, onu vaxtında aşkar edib effektiv şəkildə müalicə etməkdir.
Ayhan
10:12 05.02.2026
Oxunuş sayı: 559