Azərbaycanda əməyin mühafizəsi nə yerdədir?
Azərbaycanda əməyin mühafizəsi və istehsalatda təhlükəsizlik standartlarının gücləndirilməsi istiqamətində beynəlxalq normalara uyğun yeni mərhələ başlanır. İşçilərin sağlam və təhlükəsiz əmək şəraitində çalışmasının təmin edilməsi, peşə risklərinin minimuma endirilməsi və müasir idarəetmə mexanizmlərinin tətbiqi dövlət siyasətinin əsas prioritetlərindən biri kimi ön plana çıxır. Bu kontekstdə Milli Məclisin Beynəlxalq Əmək Təşkilatının əməyin təhlükəsizliyi və gigiyenasına dair fundamental sənədlərindən birini ratifikasiya etməsi ölkədə bu sahədə hüquqi bazanın beynəlxalq standartlarla uyğunlaşdırılmasına, eləcə də milli sistemin daha sistemli və davamlı şəkildə formalaşdırılmasına geniş imkanlar açır.

Məsələ ilə bağlı hüquq müdafiəçisi Sahib Məmmədov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Azərbaycan Beynəlxalq Əmək Təşkilatının (BƏT) altmışdan çox konvensiyasını ratifikasiya edib və onlara tərəfdardır. Bunlardan biri, 187 nömrəli konvensiya, əməyin təhlükəsizliyi və gigiyenasının təşviqinin əsaslarını əhatə edir. Azərbaycan Respublikasının qanunvericiliyində bu konvensiyanın tələbləri tam şəkildə əks olunub- həm Əmək Məcəlləsində, həm də digər qanunvericilik aktlarında. Bununla belə, BƏT üzvü olaraq Azərbaycan bu konvensiyanın tövsiyələrinə əməl edir və rəsmi olaraq qoşulub. Bundan başqa, əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı digər konvensiyalara da qoşulub. Konvensiyada əsasən üç prinsip nəzərdə tutulub: Milli əməyin təhlükəsizliyi və sağlamlıq siyasəti – dövlət əməyin mühafizəsi və texniki təhlükəsizliklə bağlı proqramlar, sistemlər və infrastruktur yaratmalıdır. Qabaqlayıcı tədbirlər mədəniyyəti – istehsalatda bədbəxt hadisə və peşə xəstəliklərinin qarşısını almaq üçün təlim, məlumatlandırma, məsləhətləşmə və milli profilaktika ənənələrinin təşviqi vacibdir. Təhlükəsiz iş mühiti və məsləhətləşmə – dövlət işəgötürənlər, işçilər və onların təmsilçiləri, yəni Həmkarlar İttifaqları və İşəgötürən Assosiasiyaları ilə məsləhətləşmələr aparmalıdır. Beləliklə, Azərbaycan beynəlxalq əmək normalarına qoşulan ölkələr sırasındadır və bu konvensiyaya da qoşulub. Son olaraq, konvensiya Milli Məclis tərəfindən ratifikasiya edilib".
Elmir Heydərli
12:35 04.02.2026
Oxunuş sayı: 580