Azərbaycanda süni intellekt etikası üzrə məsləhət şurasının yaradılması zəruridir – Ekspert
Süni intellekt (Sİ) texnologiyalarının sürətli inkişafı idarəetmə, iqtisadiyyat, təhsil və sosial münasibətlər sahələrində ciddi transformasiyalara yol açır. Yeni imkanlarla yanaşı, bu texnologiyalar etik, hüquqi və sosial riskləri də gündəmə gətirir. Xüsusilə məlumatların məxfiliyi, qərarvermədə şəffaflıq, məsuliyyətlilik və ictimai etimadın qorunması Sİ-nin tətbiqində əsas çağırışlar sırasında yer alır.
Bu kontekstdə Azərbaycanda fərqli sektorları əhatə edən milli süni intellekt etikası üzrə məsləhət şurasının yaradılması aktual məsələ kimi qiymətləndirilir. Amerika Ticarət Palatasının (“AmCham”) “Ağ sənəd 2025” hesabatında da vurğulandığı kimi, belə bir qurum qlobal Sİ idarəetmə çərçivələrinin yerli hüquqi mühitə və milli dəyərlərə uyğunlaşdırılmasına, eyni zamanda məsuliyyətli innovasiyanın və ictimai etimadın gücləndirilməsinə töhfə verə bilər.
Məsələ ilə bağlı BDU-nun Jurnalistika fakültəsinin müəllimi Qoşqar Bəylərov Crossmedia.az-a bildirib ki, bu təşəbbüs ümumilikdə müsbət və vaxtında atılmış addımdır:

“Süni intellekt artıq təkcə texnoloji yenilik deyil, eyni zamanda etik, hüquqi və sosial nəticələri olan strateji sahəyə çevrilib. Xüsusilə səhiyyə, təhsil və hüquq kimi həssas sahələrdə qərarların alqoritmlər vasitəsilə verilməsi ictimai etimad, məlumatların qorunması, şəffaflıq və məsuliyyət məsələlərini ön plana çıxarır”. Azərbaycanda süni intellekt etikası üzrə məsləhət şurasının yaradılması bu sahədə mövcud boşluqların aradan qaldırılmasına xidmət edə bilər. Belə bir şura qlobal təcrübəni kor-koranə tətbiq etmək yox, beynəlxalq standartları yerli hüquqi mühitə, milli dəyərlərə və cəmiyyətin gözləntilərinə uyğunlaşdırmaq üçün mühüm platforma rolunu oynaya bilər. Ən vacib məqamlardan biri isə süni intellektə olan ictimai etimadın gücləndirilməsidir”.
Q. Bəylərov vurğulayıb ki, etik çərçivələr innovasiyanın qarşısını alan mexanizmə çevrilməməlidir: “Əsas məqsəd süni intellekti təhlükəsiz, şəffaf və insan mərkəzli şəkildə inkişaf etdirməkdir. Əgər bu prosesə dövlət qurumları ilə yanaşı, universitetlər, texnologiya şirkətləri və vətəndaş cəmiyyəti də cəlb olunarsa, nəticədə həm praktik, həm də cəmiyyət üçün qəbul edilən qərarlar ortaya çıxa bilər. Belə bir məsləhət şurası süni intellektlə bağlı potensial riskləri qabaqcadan müəyyənləşdirmək və eyni zamanda bu texnologiyanın imkanlarından daha səmərəli istifadə etmək baxımından Azərbaycan üçün vacibdir".
Mehriban Yariyeva
13:44 02.02.2026
Oxunuş sayı: 417