Saxta içkiləri necə müəyyənləşdirmək olar? -AQTA rəsmisi ilə müsahibə
Son dövrlərdə qida təhlükəsizliyi ilə bağlı narahatlıq doğuran əsas məsələlərdən biri saxta və standartlara cavab verməyən içkilərin dövriyyəyə buraxılmasıdır. Aparılan araşdırmalara əsasən, təkcə ötən il Azərbaycanda 8 197 ədəd saxta içki faktı aşkarlanıb. İstehlakçıların sağlamlığını birbaşa risk altına alan bu məhsulların əksər hallarda nə mənşəyi, nə də tərkibi məlumdur. Texniki şərtlərə əməl edilmədən istehsal olunan saxta içkilər təkcə iqtisadi fırıldaqçılıq deyil, eyni zamanda ciddi ictimai sağlamlıq problemidir. Bu cür məhsulların tərkibində toksik və kanserogen maddələrin mövcud olma ehtimalı isə vəziyyəti daha da təhlükəli edir. Məhz bu səbəbdən saxta içkilər məsələsi qida təhlükəsizliyi kontekstində xüsusi diqqət və ciddi nəzarət tələb edən sahələrdən biri kimi qiymətləndirilməlidir. Saxta içkilərin yaratdığı təhlükələrdən qorunmaq üçün istehlakçıların daha diqqətli və məsuliyyətli davranması vacibdir. İlk növbədə, içkilər yalnız rəsmi satış məntəqələrindən və etibarlı mağazalardan alınmalıdır. Məhsulun üzərində istehsalçı məlumatları, buraxılış tarixi, sertifikatlaşdırma nişanı və aksiz markasının olub-olmaması mütləq yoxlanılmalıdır. Qablaşdırmada şübhəli dəyişikliklər, qeyri-adi qoxu və dad müşahidə edildikdə həmin məhsuldan istifadə edilməməlidir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Hüsniyyə Həsənova bu barədə Crossmedia.az-ın suallarını cavablandırıb:
- Alkoqollu içkilərlə bağlı yoxlamalar hansı formada həyata keçirilir?
- İstehlakçıların həyat və sağlamlığının qorunması, istehlak bazarının saxta, keyfiyyətsiz və təhlükəli məhsullardan qorunması məqsədilə agentlik tərəfindən alkoqollu içkilərlə bağlı mütəmadi nəzarət tədbirləri həyata keçirilir. Bu tədbirlər çərçivəsində planlı yoxlamalarla yanaşı, daxil olan müraciətlər əsasında plandankənar yoxlamalar aparılır, həmçinin dövri monitorinqlər təşkil olunur.
- Bu tip halların qarşısını almaq üçün hansı tədbirlər görülür?
- Nəzarət tədbirləri zamanı saxtalaşdırma əlamətləri olan alkoqollu içkilərin satışının həyata keçirildiyi müəyyən edildikdə, həmin məhsullar dərhal satışdan kənarlaşdırılır vəqanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülür. Belə ki, ötən il ərzində Agentlik tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində 42 ticarət və 5 ictimai iaşə obyekti olmaqla, ümumillikdə 47 qida obyektində müxtəlif növ və əmtəə nişanlı 8197 ədəd saxta alkoqollu içki aşkarlanmış və satışdan kənarlaşdırılmışdır. Eyni zamanda, 89 alkoqollu içkidən nümunələr götürülərək müayinələrin aparılması üçün müvafiq laboratoriyaya təqdim edilmişdir. Nümunələrin sınaq nəticələrinə əsasən, 52 məhsulda uyğunsuzluq müəyyən edilmişdir. Aşkarlanmış pozuntular ilə bağlı 16 müəssisənin vəzifəli şəxsi barəsində Agentlik tərəfindən inzibati tədbirlər görülmüş, 31 qida obyekti barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədilə hüquq mühafizə orqanlarına göndərilmişdir.
- İstehlakçılar saxta içkiləri necə müəyyənləşdirə bilərik?
- Bunun yanaşı, etiketində qanunvericiliyə uyğun zəruri məlumatlar olmayan, müşayiətedici sənədləri (yerli məhsullara münasibətdə qida təhlükəsizliyi qeydiyyatı və ya təsdiqinə dair çıxarış, idxal edilmiş məhsullara dair idxal sağlamlıq aktı) mövcud olmayan, eləcə də orijinal olmasına şübhə yaradan (başlıq hissələrinin butulkalara təkrar bərkidildiyi, məhsulların dolumlarının fərqli olduğu və s.) məhsulların qəbul olunmaması ilə bağlı ticarət və ictimai iaşə obyektlərinin rəhbərlərinə xəbərdarlıq məktubları ünvanlanmışdır. Saxta alkoqollu içkilərin istehsalı və dövriyyəsi ilə məşğul olan şəxslər adətən gizli və qapalı məkanlarda fəaliyyət göstərdiyindən, bu halların aşkarlanmasında vətəndaşların dəstəyi və ictimai nəzarət mühüm rol oynayır. Agentlik bir daha istehlakçıları alkoqollu içkilərin alışı zamanı diqqətli olmağa, qanunsuz hallarla rastlaşdıqda, aldıqları içkilərdə hər-hansı uyğunsuzluq və şübhəli hallar aşkar edildikdə, dərhal Agentliyin “1003 - Cağrı Mərkəzi”nə məlumat verilməsi tövsiyyə olunur.
Ayhan
19:00 29.01.2026
Oxunuş sayı: 511