Telefonlar və adapterlər niyə həddindən artıq çox qızır?
Son dövrlərdə texnoloji cihazların gündəlik həyatımızdakı rolu getdikcə artır. Mobil telefonlar, planşetlər, noutbuklar və digər elektron avadanlıqlar artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. İnsanlar gündəlik işlərini, sosial əlaqələrini, hətta əyləncələrini bu cihazlar vasitəsilə qurur. Lakin bu cihazların sürətlə yayılması ilə yanaşı, istifadəçilər bir sıra texniki problemlə də üzləşirlər. Bunlardan ən çox narahatlıq doğuranlardan biri cihazların həddindən artıq isinməsidir.
Cihazların isinməsi yalnız istifadə rahatlığını azaldan bir problem deyil, həm də onların uzunmüddətli performansına mənfi təsir göstərir. Telefonların, xüsusən də oyun oynayarkən, video izləyərkən və ya eyni anda çox sayda tətbiq işlədilərkən həddindən artıq qızması geniş yayılmış haldır. İstifadəçi telefonda normaldan daha çox istilik hiss etdikdə həm cihazı əlində saxlamaq çətinləşir, həm də uzun müddətli istifadədə batareyanın ömrü qısalır.
Eyni problem kompüter və noutbuklarda da müşahidə olunur. Xüsusilə ağır proqramlar işlədildikdə, video montaj və ya qrafik dizayn proqramları açıldıqda, cihazın prosessoru intensiv işləyir və nəticədə yüksək istilik yaranır. Bu, həm cihazın performansını azaldır, həm də komponentlərin ömrünü qısaldır.
Bu barədə Crossmedia.az-a danışan texnoloq Elvin Həsənov bildirib ki, eyni model iki telefonun fərqli səviyyədə qızması istifadəçilərə qəribə gəlsə də bu tam real və texniki baxımdan izah olunan haldır: "Hətta eyni zavodda istehsal olunan cihazlar arasında belə xırda fərqlər ola bilər. İstehsal prosesində istifadə olunan komponent partiyaları dəyişə bilər. Məsələn prosessor, enerji idarəetmə çipi, termal pasta və ya batareyanın istehsalçı fərqləri telefonun istilik davranışına təsir edir. Kağız üzərində model eyni olsa da, daxildə olan detallar bir-birinin tam kopyası olmur. Digər vacib nüans proqram təminatıdır. Bir telefonda arxa planda daha çox tətbiq işləyə, sinxronizasiya, lokasiya, cloud xidmətləri və s. tətbiqlər prosessoru davamlı yükləyə bilər. Bu da cihazın daha tez isinməsinə səbəb olur".
Texnoloq bu vəziyyətin telefonun yenilənmə prosesindən dolayı ola biləcəyini də ehtimal edir: "Bəzən bir telefon yenilənib, digəri yenilənməyəndə hansısa proqram birində problem yarada bilər. Bundan əlavə istifadə şəraiti də çox önəmlidir. Belə ki zəif mobil şəbəkə olan yerdə telefon siqnal axtarmağa daha çox enerji sərf edir, qalın qoruyucu qablar, isti hava və ya günəş altında istifadə belə istiliyi daha da artırır. Telefonla yanaşı adapterin də həddindən artıq qızması isə adətən enerji ötürülməsi ilə bağlı problemin göstəricisidir. Keyfiyyətsiz və ya orijinal olmayan adapter və kabel telefonun tələb etdiyi gücü stabil ötürə bilmir və nəticədə həm adapter, həm də telefon qızır. Xüsusilə sürətli şarj zamanı bu risk daha yüksəkdir. Kabelin içindəki naqillərin nazik olması, kontaktların boşluğu və ya adapterin daxili qoruyucu mexanizmlərinin zəifliyi istiliyi artırır".
Fatimə Məmmədova
10:50 20.01.2026
Oxunuş sayı: 1525