Türk dünyası ölkələri arasında fasiləsiz torpaq bağlantısı təmin olunacaq - Müsahibə
Türk dünyası ölkələri arasında fasiləsiz torpaq bağlantısı təmin olunacaq.
Cənubi Qafqaz regionunda yeni geosiyasi reallıqların formalaşdığı bir dövrdə nəqliyyat və kommunikasiya xətlərinin açılması regional sabitliyin və iqtisadi inteqrasiyanın əsas sütunlarından biri kimi ön plana çıxır. Bu kontekstdə Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin bərpasını nəzərdə tutan layihə deyil, eyni zamanda Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin strateji komponenti kimi qiymətləndirilir.
Layihənin reallaşması Türk dünyasının coğrafi və iqtisadi baxımdan daha sıx inteqrasiyasına, regional ticarət və logistika imkanlarının genişlənməsinə xidmət edir.
Məhz bu geosiyasi və geoiqtisadi çərçivədə Türkiyənin Zəngəzur dəhlizinə dair mövqeyi xüsusi əhəmiyyət daşıyır. Qardaş ölkə olaraq Ankara bu layihənin Azərbaycanın milli maraqlarına uyğun şəkildə həyata keçirilməsini dəstəklədiyini açıq şəkildə bəyan edir. Türkiyə xarici işlər naziri Hakan Fidanın Zəngəzur dəhlizinin reallaşması ilə bağlı səsləndirdiyi fikirlər, rəsmi Ankaranın regionda sülhün və normallaşmanın möhkəmləndirilməsinə verdiyi önəmi, eləcə də Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsində konstruktiv yanaşmanı təşviq etdiyini göstərir.
Bu açıqlamalar həm də onu nümayiş etdirir ki, Zəngəzur dəhlizi ətrafında aparılan müzakirələr artıq yalnız ikitərəfli məsələ olmaqdan çıxaraq regional və beynəlxalq gündəliyin mühüm mövzularından birinə çevrilib. Türkiyənin bu prosesdə Azərbaycanın mövqeyini əsas götürməsi və məsələyə strateji tərəfdaşlıq prizmasından yanaşması, layihənin gələcək perspektivləri baxımından mühüm siyasi mesaj kimi dəyərləndirilir.
Məsələ ilə bağı Milli Məclisin deputatı Məlahət İbrahimqızı Crossmedia.az-la öz fikirlərini bölüşüb:
— Hakan Fidanın mətbuat konfransında Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirləri necə qiymətləndirirsiniz?
— Hakan Fidanın hesabat xarakterli geniş mətbuat konfransı olduqca mühüm mesajlarla yadda qaldı. Konfransda 2025-ci ilin yekunları, 2026-cı ilin başlanğıcı, regionda və bütövlükdə dünyada baş verən proseslərə dair Türkiyənin rəsmi mövqeyi açıq şəkildə ortaya qoyuldu. Azərbaycanı təmsil edən media nümayəndəsinin Zəngəzur dəhlizi ilə bağlı sualına Fidanın verdiyi cavab isə xüsusilə diqqətçəkən oldu.
O, bu məsələdə Türkiyənin aydın, konkret və prinsipial mövqeyini bir daha təsdiqlədi və bildirdi ki, Zəngəzur dəhlizi istiqamətində artıq ciddi irəliləyişlər mövcuddur. Bu açıqlama həm region, həm də beynəlxalq ictimaiyyət üçün mühüm mesaj xarakteri daşıyır.
— Zəngəzur dəhlizinin beynəlxalq və regional əhəmiyyətini necə dəyərləndirirsiniz?
— Zəngəzur dəhlizi yalnız regional deyil, beynəlxalq miqyasda strateji əhəmiyyətə malik layihədir. Bu dəhliz Avropa ilə Asiya, Şərq ilə Qərb arasında mühüm nəqliyyat və kommunikasiya körpüsü rolunu oynayacaq. Azərbaycan Respublikasının Prezidenti, möhtərəm cənab İlham Əliyev bu mövqeni illərdir ardıcıl şəkildə ifadə edir və dəhlizin beynəlxalq tranzit marşrut kimi əhəmiyyətini xüsusi vurğulayır.
Müharibədən sonrakı dövrdə bu təşəbbüs ilk dəfə irəli sürülərkən müəyyən etirazlar olsa da, zaman göstərdi ki, bu layihə “qazan-qazan” prinsipinə əsaslanır və regiondakı bütün ölkələrin maraqlarına xidmət edir. Bu gün artıq həmin qüvvələr də bu reallığı qəbul etməyə məcbur qalıblar.
— Zəngəzur dəhlizinin mənəvi və tarixi tərəfi barədə nə deyə bilərsiniz?
— Zəngəzur dəhlizinin əhəmiyyəti təkcə iqtisadi və logistika məsələləri ilə məhdudlaşmır. Bu dəhliz Türkiyəni birbaşa Azərbaycanla, Azərbaycan vasitəsilə isə Orta Asiya türk dövlətləri ilə quru yolu ilə birləşdirəcək. Beləliklə, Türk dünyası ölkələri arasında fasiləsiz torpaq bağlantısı təmin olunacaq. Bu, Türk dünyasının inteqrasiyası baxımından son dərəcə mühüm tarixi hadisədir. Eyni zamanda, möhtərəm Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan artıq Orta Dəhlizin əsas qovşaqlarından birinə çevrilib. Azərbaycansız Orta Dəhlizin, eləcə də “Bir kəmər, bir yol” təşəbbüsünün real fəaliyyəti faktiki olaraq mümkün deyil.
— Türkiyənin Zəngəzur dəhlizi məsələsində mövqeyi və Azərbaycan–Türkiyə münasibətləri barədə nə demək olar?
— Qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan da, xarici İşlər naziri hörmətli Hakan Fidan da ilk gündən Zəngəzur dəhlizinin strateji və qlobal əhəmiyyətini düzgün qiymətləndirərək bu layihəyə açıq dəstək veriblər. Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər ki, bu məsələdə Azərbaycan hansı mövqeni müəyyən edirsə, Türkiyə də tam şəkildə həmin mövqeni dəstəkləyəcək. Bu, iki ölkə arasında mövcud olan sarsılmaz qardaşlıq münasibətlərinin və Şuşa Bəyannaməsi ilə təsbit olunmuş strateji müttəfiqliyin məntiqi nəticəsidir. Azərbaycan və Türkiyə tarix, dil, din və mədəniyyət baxımından ortaq dəyərlərə malik ayrılmaz qardaş dövlətlərdir və bu qarşılıqlı dəstək bundan sonra da əbədi olaraq davam edəcəkdir.
Elmir Heydərli
14:52 17.01.2026
Oxunuş sayı: 2931