QAYDALAR DƏYİŞDİ: Sosial şəbəkələrdəki paylaşıma görə həbs oluna bilərsiniz
Son dövrlərdə sosial şəbəkələrdə və bəzi sayt platformalarında insanlar bir-birini açıq şəkildə təhqir edir, hörmətsizlik edir və etik normalardan kənar davranışlar sərgiləyir. Bu hallar tez-tez ictimai narazılığa səbəb olur, müzakirələr və mübahisələr yaranır, bəzən isə hətta real həyatda gərginlik yaradır. İnsanlar arasında qarşılıqlı hörmətsizlik və açıq təhqirlər milli-mənəvi dəyərlərə, sosial etikaya və ictimai normlara zidd hesab edilir, cəmiyyətdə gərginlik, narazılıq doğurur. Bu problemlərin qarşısını almaq məqsədilə Azərbaycanda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklər edilib.
Mövzu barədə Crossmedia.az-a danışan hüquqşünas Əlövsət Allahverdiyev bildirib ki, Azərbaycanda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən son dəyişikliklərə əsasən saytlarda və sosial şəbəkələrdə cəmiyyətə qarşı açıq hörmətsizlik sayılan paylaşımlar qadağan edilir və bu pozuntular inzibati məsuliyyətə səbəb ola bilər: "Qanuna əlavə edilən yeni maddəyə görə qadağan olunanlar bunlardır: kütləvi yayımlandıqda ictimaiyyəti, mənəvi dəyərləri təhqir edən məzmun, cəmiyyətə açıq hörmətsizlik ifadə edən paylaşımlar, əxlaqsız ifadələr, jestlər, insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd göstərilməsi. Bu, əsasən internet informasiya ehtiyatında - saytlarda, sosial şəbəkələrdə yayımlanan kontentə aiddir".

Hüquqşünas bildirib ki, bu tip davranışlar artıq müəyyən hallarda inzibati xətalar kimi qiymətləndirilir və qeyd edilən sanksiyalar tətbiq oluna bilər: "Əsas inzibati məsuliyyət - Cəmiyyətə açıq hörmətsizlik və əxlaqa zidd internet paylaşımları üçün: Cərimə: təxminən 500–1000 manat. İnzibati həbs isə halların ağırlaşmasına görə 30 günə qədər tətbiq edilə bilər. Əgər hörmətsizlik təsiri daha ümumi xətalar kimi qəbul olunarsa cərimə: 50–100 manat. Ehtiyac olarsa inzibati həbs 15 günə qədər tətbiq edilə bilər. Eyni şəxsin bir il ərzində təkrar belə pozuntu törətməsi halında cərimələr daha ağır olur: 1000–2000 manat. İnzibati həbs müddəti isə 1–2 aya qədər uzadıla bilər".
Ə. Allahverdiyevin sözlərinə görə, qanunda konkret ifadəçi kriteriyalar tam dəqiq təsbit edilməsə də (məsələn, “mətndə hansı sözlər birbaşa qadağan olunur”), norma müvafiq məzmunun ictimai mənəviyyəti təhqir edib-etməməsi, milli-mənəvi dəyərlərə uyğunluğu kimi göstəricilər əsasında qərarlaşan orqanlar və məhkəmələr tərəfindən qiymətləndirilir: "Bu səbəbdən bəzi hallarda subyektiv qiymətləndirmə ola bilər, çünki konkret meyarlar qanunda detallı şəkildə deyil; məhkəmə və inzibati orqanlar faktlara, kontekstə, sosial-normativ normalara baxaraq qərar verir.Qanunun pozuntusuna görə məsuliyyət zamanı araşdırılanlar isə bunlardır: paylaşılan məzmunun məqsədi, ictimai təsir dərəcəsi, təkrar şəkildə olub-olmaması
Bu məqamlar orqanların qərarında rol oynaya bilər, yəni niyyət də müəyyən hallarda nəzərə alınır. Lakin ki, xüsusi “niyyət sübutu” tələb olunur və ya tam şəkildə qorunur və bu, konkret fakt və məhkəmə qərarından asılıdır".
Son olaraq, Ə.Allahverdiyev qeyd edib ki, qanun ölkəmizdə bu cür paylaşımları məhdudlaşdırır və məsuliyyət yaradır. Məzmunun ictimai mənəviyyəti təhqir edib-etmədiyi müəyyən hallarda hüquqi orqanlar tərəfindən subyektiv qiymətləndirilə bilər, çünki konkret meyarlar qanunda ətraflı deyil. Beləliklə, müvafiq cərimə və təkrar hallarda daha ciddi inzibati tədbirlər (həbs də daxil olmaqla) tətbiq oluna bilər.
Fatimə Məmmədova
13:43 17.01.2026
Oxunuş sayı: 1926