General sərt danışdı: ABŞ və İsrail İran daxilində qeyri-sabitlik yaratmağa çalışır
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Əbdülrəhim Musəvi ABŞ və İsrailin 2025-ci ilin iyununda baş vermiş “12 günlük müharibədə məğlubiyyətdən” sonra İranda daxili qeyri-sabitlik yaratmağa yönəldiyini bildirib.
Bu barədə Crossmedia.az Mehr agentliyinə istinadən xəbər verir.
Musəvinin sözlərinə görə, Vaşinqton və “sionist rejim” hərbi sahədəki uğursuzluqları kompensasiya etmək məqsədilə “yumşaq müharibə” üsullarına keçib. O, qeyd edib ki, iqtisadi təzyiqlər də bu strategiyanın tərkib hissəsidir.
Baş Qərargah rəisi iddia edib ki, İranın düşmənləri rialın məzənnəsi və biznes şəraiti ilə bağlı sahibkarların qanuni etirazlarından sui-istifadə edərək “hazırlanmış təxribatçıları” prosesə cəlb edib, psixoloji və informasiya əməliyyatları vasitəsilə vəziyyəti gərginləşdirməyə çalışıblar.
Musəvi vurğulayıb ki, İran cəmiyyəti etirazçılarla iğtişaş törədənləri ayırd edə bilib və zorakı hərəkətləri dəstəkləməyib.
“Hüquq-mühafizə orqanları xalqın dəstəyi ilə qiyamçıların cəhdlərinin qarşısını alacaq, iranlılar isə ölkəyə hörmətsizlik edənləri cəzalandıracaq”, — deyə Musəvi bildirib.
Türkanə Məşədiyeva
12:03 05.01.2026
Oxunuş sayı: 3285