Tokayev Nazarbayev və Putin görüşünə münasibət bildirib
Qazaxıstan Prezidenti Qasım Comərd Tokayev geniş müsahibəsində ölkənin birinci prezidenti Nursultan Nazarbayevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü ilə bağlı suala cavab verib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Tokayev bildirib ki, bu görüşlər mütəmadi xarakter daşısa da, qeyri-rəsmi mahiyyətə malikdir. Onun sözlərinə görə, bu məqamı Rusiya Prezidenti özü də vurğulayıb. Tokayev qeyd edib ki, Sankt-Peterburqda keçirilən son görüş zamanı Vladimir Putin ona Nazarbayevi özünün təkidli xahişi ilə qəbul etdiyini deyib.
Qazaxıstan Prezidenti Rusiya liderinin dostlarına və həmkarlarına qarşı xoş münasibəti ilə seçildiyini vurğulayıb. Tokayevin sözlərinə görə, Vladimir Putin iş qrafikinin son dərəcə gərgin olmasına baxmayaraq, şənbə günü Nazarbayevlə sakit və ətraflı söhbət üçün vaxt tapıb. O əlavə edib ki, Putin Nazarbayevi Avrasiya inteqrasiyasının əsasını qoyan, bu proseslərin başlanğıcında dayanan təcrübəli siyasətçi kimi qiymətləndirir.
Tokayev həmin görüşlərin məzmunu ilə maraqlanmadığını və bu mövzuda heç vaxt sual vermədiyini də qeyd edib.
Prezident eyni zamanda Nursultan Nazarbayevin şəxsiyyətinə münasibətini ifadə edərək onu müasir Qazaxıstan dövlətçiliyinin banisi adlandırıb. Tokayev Nazarbayevin dövlət institutlarının yaradılmasında, bazar iqtisadiyyatı mexanizmlərinin formalaşdırılmasında və yeni paytaxtın inşasında mühüm xidmətləri olduğunu bildirib. O vurğulayıb ki, Qazaxıstan Ədalət, Qanun və Nizam prinsiplərinə əsaslanan dövlət quruculuğu yolunu seçib və hər bir vətəndaşın əməyinə ədalətlə qiymət verilməlidir. Bu yanaşmanın ölkənin birinci prezidenti Nursultan Nazarbayevə də şamil olunduğunu deyib.
Türkanə Məşədiyeva
11:53 05.01.2026
Oxunuş sayı: 3133