İranda bir sıra şəhərlərdə etirazlar fonunda vəziyyətin kəskinləşdiyi bildirilir. İlam şəhərində etirazçının ölümündən sonra bəzi gənclərin silahlı şəkildə küçələrə çıxması təhlükəsizlik qüvvələri ilə toqquşmalara səbəb olub.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, gərginlik xüsusilə İlamdakı Xomeyni Xəstəxanasında artıb. Təhlükəsizlik qüvvələrinin yaralı etirazçıları saxlamağa cəhdindən sonra girişlər bağlanıb, gözyaşardıcı qaz və odlu silahdan istifadə edilib.
Ərak şəhərində hökumət bayraqlarının yandırıldığı və “Xameneiyə ölüm” şüarlarının səsləndirildiyi, Xorrəmabad və Neyrizdə də etirazların davam etdiyi bildirilir. Tehran və Şirazda isə hava hücumundan müdafiə sistemlərinə bənzər səslər eşidilib; bunun SEPAH-ın təlimləri ilə bağlı olduğu ehtimal olunur.
Sosial şəbəkələrdə polis zorakılığını əks etdirən görüntülər yayılıb. Ümumilikdə ölkədə vəziyyət qeyri-sabit olaraq qalır.
Bu fonda İsrailin baş naziri Benyamin Netanyahu İran xalqının “taleyini öz əlinə ala biləcəyini” bildirib. İsrailli jurnalist Hallel Bitton Rosen isə İsrail və ABŞ-ın İranda rejim dəyişikliyində maraqlı olduqlarını qeyd edib.
Nəzrin Abbas