Sanders: ABŞ-nin hazırkı siyasəti Rusiya modelindən fərqlənmir
ABŞ Konqresində demokratların sol qanadının lideri, yəhudi əsilli senator Berni Sanders ölkəsinin mövcud daxili və xarici siyasəti ilə bağlı sərt açıqlama verib. O bildirib ki, hazırkı vəziyyətdə Birləşmiş Ştatların Rusiyadan, onun liderinin isə Rusiya prezidenti Vladimir Putindən ciddi bir fərqi qalmayıb.
Crossmedia.az bu barədə xəbər verir. Sandersin sözlərinə görə, ABŞ-də son illər demokratik institutların zəifləməsi, hakimiyyətin getdikcə mərkəzləşməsi və siyasi elitanın xalqdan uzaqlaşması narahatedici həddə çatıb. Senator hesab edir ki, bu proseslər Amerikanın özünü daim tənqid etdiyi avtoritar idarəçilik modellərinə yaxınlaşdırır.
“Əgər ölkədə siyasi qərarlar azsaylı zəngin qrupların maraqları əsasında qəbul olunursa, medianın və ictimai institutların təsir gücü azalırsa, xalqın iradəsi real şəkildə əks olunmursa, bu artıq demokratiya adlandırıla bilməz”, – deyə Sanders vurğulayıb.
O, həmçinin qeyd edib ki, ABŞ-nin özünü demokratiyanın qlobal müdafiəçisi kimi təqdim etməsi fonunda ölkə daxilində sosial ədalətsizlik, iqtisadi bərabərsizlik və siyasi təsirsizlik kimi problemlərin dərinləşməsi ciddi ziddiyyət yaradır. Senatorun fikrincə, bu ziddiyyətlər aradan qaldırılmadıqca ABŞ-nin digər dövlətləri demokratiya mövzusunda tənqid etməsi inandırıcı görünmür.
Sevinc Yarməmmədova
17:40 04.01.2026
Oxunuş sayı: 3748