Pentaqon rəhbəri ABŞ-nin Venesueladakı əməliyyatını şərh edib
ABŞ-ın müdafiə naziri Pit Heqset Venesuelada keçirilmiş əməliyyatda iştirak edən amerikalı hərbçilərin Merilend ştatındakı Joint Base Andrews aviabazasına qayıdışından sonra açıqlama ilə çıxış edib.
Crossmedia.az xəbər verir ki,CBS News-a müsahibəsində Heqset ABŞ hərbçilərinin fəaliyyətini yüksək qiymətləndirərək bildirib:
“Amerikanın ən yaxşı tərəfini gördüm — həyatlarını ölkəmizin təhlükəsizliyinə həsr edən və üzərlərinə düşən vəzifəni uğurla yerinə yetirən qadın və kişiləri”.
Donald Tramp administrasiyasının Venesuela ilə bağlı növbəti addımlar üçün Konqresdən icazə alıb-almayacağı sualına cavab verən müdafiə naziri əməliyyatın “hüquq-mühafizə xarakterli” olduğunu vurğulayıb. Bununla yanaşı, o əlavə edib ki, Konqres prosesə cəlb olunmaqda davam edəcək.
Heqsetin sözlərinə görə, vəziyyətin bundan sonrakı inkişafı əsasən Venesuela xalqının qərarından asılıdır:
“Sonrakı addımlar Venesuela xalqının seçimidir. Lakin yekunda ABŞ təhlükəsizlik və rifah baxımından qalib olacaq. Hesab edirik ki, Venesuela xalqı da bundan fayda görə bilər”.
Pentaqon rəhbəri Donald Trampı “fəaliyyət prezidenti” adlandırıb və bildirib ki, müasir və təhlükəli dünyada güc olmadan sülhə nail olmaq mümkün deyil.
Heqset həmçinin çıxışı zamanı dəfələrlə ABŞ-ın “neft rifahı” mövzusuna toxunaraq, bunun Venesuela ilə bağlı əməliyyat qərarının verilməsində rol oynayan amillərdən biri olduğunu qeyd edib.
15:30 04.01.2026
Oxunuş sayı: 3413