Azərbaycana pul köçürmələri 9 ayda 849,9 milyon dollar olub
Cari ilin ilk 9 ayında fiziki şəxslər tərəfindən Azərbaycana 849 milyon 910 min dollar göndərilib. 2024-cü ilin analoji dövründə isə bu məbləğ 848 milyon 506 min dollar olub.
Crossmedia.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, fiziki şəxslər tərəfindən xaricdən göndərilən pulun ən çox hissəsi Rusiyanın payına düşür. Belə ki, 9 ayda Rusiyadan Azərbaycana 343 milyon 888 min dollar göndərilib. Ötən il isə bu rəqəm 410 milyon 718 min dollar olub. İkinci sırada Türkiyə qərarlaşıb: 2025-ci ildə 140 milyon 298 min dollar, 2024-cü ildə 130 milyon 332 min dollar.
Hesabat dövründə fiziki şəxslər tərəfindən Azərbaycandan 361 milyon 357 min dollar çıxarılıb. Ötən ilin müvafiq dövründə isə bu göstərici 408 milyon 282 min dollar təşkil edib. Bu istiqamətdə liderlik Türkiyədədir. Belə ki, qardaş ölkəyə 104 milyon 476 min dollar göndərilib. Ötən ilin 9 ayında Türkiyəyə göndərilən pulun məbləği 118 milyon 90 min dollar olub. Bu istiqamətdə ikinci yerdə ABŞ qərarlaşıb: 2025-ci ildə 55 milyon 706 min dollar, 2024-cü ildə 44 milyon 991 min dollar.
16:33 15.12.2025
Oxunuş sayı: 1181