Türkiyə türk əsilli vətəndaşlar üçün yeni imkanlar açır - Şərh
Türkiyə hökuməti türk əsilli xarici vətəndaşların ölkədəki hüquqi statusunu və gündəlik həyat imkanlarını əhəmiyyətli dərəcədə genişləndirən tarixi bir qərar qəbul edib. Bu qərar, türk soylu icmalardan olan şəxslərin Türkiyədə yaşamaq, işləmək və sosial həyatda iştirak etmək hüquqlarını ciddi şəkildə gücləndirir. Prezident Rəcəb Tayyip Ərdoğanın imzaladığı sənəd 10 oktyabr 2025-ci il tarixində “Rəsmi Qəzet”də dərc olunub və artıq Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Şərqi Türküstan, Ahıska, Qaqauz, Krım kimi bölgələrdən olan türk əsilli vətəndaşlar Türkiyədə əcnəbi kimi deyil, öz vətənlərindəki kimi yaşamaq və işləmək hüququna malik olacaqlar.
Bu mövzu ətrafında Crossmedia.az-a açıqlama verən iqtisadçı Aqil Eyvazov Türkiyənin türk əsilli xarici vətəndaşların hüquqi statusunu genişləndirməsinin həm demoqrafik, həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm addım olduğunu vurğulayıb:
"Müsbət tərəfi ondan ibarətdir ki, bu qərar türk dünyası daxilində əmək miqrasiyasını asanlaşdırır, ixtisaslı işçi axınını artırır, insan kapitalının vahid bazar şəraitində hərəkətini sürətləndirir və Türkiyənin regional cazibə mərkəzi rolunu gücləndirir. Eyni zamanda, mədəni inteqrasiya daha rahat baş verir və qeyri-rəsmi məşğulluq azalır".
İqtisadçı həmçinin, mənfi tərəflərə də toxunub:
"Mənfi tərəflər isə əsasən əmək bazarında rəqabətin artması, bəzi sahələrdə yerli işçi qüvvəsinə təzyiqin yüksəlməsi və sosial infrastruktur üzərində əlavə yük formalaşması ilə bağlı ola bilər. Bundan əlavə, uzunmüddətli perspektivdə bəzi türk ölkələri üçün beyin axını riskləri də istisna edilmir. Buna baxmayaraq, ümumi mənzərədə bu qərar türk dünyasının iqtisadi inteqrasiyasını dərinləşdirən strateji addım kimi qiymətləndirilə bilər".
Fatimə Məmmədova
15:23 08.12.2025
Oxunuş sayı: 1046