Saytlar niyə çökmüşdü? - Qlobal internet infrastrukturunda...
Qlobal internet infrastrukturunda baş verən son nasazlıq bir sıra onlayn xidmətlərin eyni anda dayanmasına səbəb olub. Xüsusilə xarici provayderlər üzərində çalışan platformalarda yaranan fasilə texnoloji asılılığın yaratdığı riskləri yenidən ön plana çıxarıb. Hadisə dövlət informasiya ehtiyatlarının yalnız beynəlxalq xidmətlərə güvənməsi halında hansı nəticələrlə üzləşə biləcəyini də göstərib. Bu səbəbdən bir çox ölkələr kritik resursların mühafizəsində lokallaşdırılmış sistemlərin tətbiqini zəruri hesab edir. Mütəxəssislər qeyd edir ki, məlumat axınının ölkə daxilində idarə olunması həm təhlükəsizlik, həm də operativ nəzarət baxımından üstünlük yaradır. Qlobal xarici şəbəkələrdə yaranan çöküşlər fonunda dövlət sistemlərinin dayanıqlığı xüsusi əhəmiyyət daşıyır. Son hadisə isə lokal infrastrukturun dövlət xidmətlərinin qorunmasındakı rolunu bir daha gündəmə gətirib.
Bu barədə İKT mütəxəssisi Elvin Abbasov Crossmedia.az-a açıqlamasında bildirib ki, qlobal fasilə lokal mühafizə sistemlərinin zəruriliyini açıq şəkildə ortaya qoyub. Onun sözlərinə görə, ölkədaxili infrastrukturun əsas üstünlüyü xarici provayderlərdən asılılığın azalmasıdır: “Əgər dövlət resursları tam şəkildə beynəlxalq xidmətlər üzərində qurularsa, qlobal problem yaranan kimi həmin resurslara çıxış da dərhal dayanır. Lokal mühafizə sistemləri isə kritik məlumat və trafik axınını ölkə daxilində saxlayaraq həm məlumatların suverenliyini qoruyur, həm də xarici texniki nasazlıqların təsirini minimuma endirir".
Mütəxəssis əlavə edib ki, lokal infrastruktur dövlət xidmətlərinin təhlükəsizliyinə və daimi əlçatanlığına birbaşa təsir edən əsas faktorlardandır. Onun sözlərinə görə, elektron hökumət portalları və digər kritik xidmətlər üçün fasiləsiz fəaliyyət strateji əhəmiyyət daşıyır: “Xarici xidmətlərdə yaranan nasazlıq dövlət resurslarını da çökdürə bilər. Lokal sistemlər sayəsində kritik trafik daxili şəbəkədə idarə olunur və qlobal problemlər yaşansa belə, xidmətlər milli istifadəçilər üçün dayanmadan davam edə bilir”.
E. Abbasov hesab edir ki, lokallaşdırılmış mühafizə sistemlərinə investisiya yalnız təhlükəsizlik standartlarını yüksəltmir, həm də ölkənin rəqəmsal dayanıqlığını gücləndirərək milli təhlükəsizlik risklərini azaldır.
Fidan Bəhmənova
12:55 20.11.2025
Oxunuş sayı: 1713