“StrategEast” şirkətinin prezidenti: Biliklər Azərbaycan iqtisadiyyatı üçün yeni enerjiyə çevrilir
Biz əminik ki, biliklər yeni enerjidir və İT sənayesi sürətlə inkişaf edən Azərbaycanın iqtisadiyyatı üçün yeni yanacaq olacaq.
Crossmedia.az xəbər verir ki, bu fikirləri “StrategEast” təşkilatının prezidenti Anatoli Motkin bu il Bakıda keçirilən “State and IT Eurasian Forum” çərçivəsində səsləndirib.
Onun sözlərinə görə, “StrategEast” 2017-ci ildə təsis olunduğu vaxtdan bəri fəaliyyətini Avrasiya ölkələrində biliklərə əsaslanan iqtisadiyyatın inkişafına yönəldib.
Bu fəaliyyətin əsasını beş əsas təhsil istiqaməti təşkil edir.
“Biliklərə əsaslanan iqtisadiyyat təhsildən başlayır. Buna görə də ilk etdiyimiz iş insanları öyrətməkdir. Biz onlara müasir rəqəmsal iqtisadiyyatda uğur qazanmaq üçün zəruri olan bilik və bacarıqları veririk. İkinci istiqamətimiz yalnız startapları deyil, şirkətləri də öyrətməkdir. Onlara yeni şəraitə uyğunlaşmaq və inkişaf etməkdə kömək edirik”, – deyə o bildirib.
“Üçüncü istiqamət “kapitalın öyrədilməsi”dir, yəni ənənəvi investisiyaların “ağıllı pul”a çevrilməsinə, sürətlə inkişaf edən iqtisadiyyatın tələblərinə çevik şəkildə cavab verən maliyyə mexanizmlərinin formalaşmasına dəstək veririk. Biz həmçinin hökumətləri də öyrədir, qanunvericiliyin təkmilləşdirilməsinə, onu daha şəffaf, məsuliyyətli və qlobal İT sənayesinin tələblərinə uyğun hala gətirməyə kömək edirik. Və nəhayət, bazarları da öyrədirik”, – deyə “StrategEast” şirkətinin prezidenti əlavə edib.
A.Motkin vurğulayıb ki, təşkilatın məqsədlərindən biri Avrasiyanı təkcə rəqəmsal xidmətlərə yüksək tələbatı olan bir region kimi deyil, həm də İT sahəsində böyük potensiala malik bir məkan kimi tanıtmaqdır.
“Biliklərə əsaslanan iqtisadiyyat yalnız rifahın yolu deyil, həm də bərabər imkanlara əsaslanan, şəffaflıq, hesabatlılıq və qanunun aliliyi kimi dəyərlərə söykənən bir cəmiyyətin formalaşması üçün vasitədir”, – deyə o qeyd edib.
“StrategEast” prezidentinin sözlərinə görə, forum hər il Avrasiyanın aparıcı İT mərkəzlərindən birində keçirilir. Bundan əvvəl tədbir Kiyevdə, Tbilisidə, Bişkekdə, Səmərqənddə, Almatıda və Kişineuda baş tutub.
“Bu il forum gözəl Bakı şəhərində keçirilir və bu, Azərbaycanın regionda rəqəmsal iqtisadiyyatın təşviqində əsas oyunçulardan biri kimi rolunu bir daha vurğulayır”, – deyə A. Motkin yekunlaşdırıb.
23:40 04.11.2025
Oxunuş sayı: 1110