Hesablama Palatası: Sosialyönlü xərclərin hesabatlılığında bəzi uyğunsuzluqlar var
                                            Aparılan təhlillər sosialyönlü xərclərin hesabatlılığında bəzi uyğunsuzluqların olduğunu göstərir ki, bu da sosialyönlü xərclərin tərkib elementlərinin müvafiq hüquqi aktlarla təsbit edilməsini labüd edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən, növbəti ildə izahata əsasən dövlət büdcəsinin sosialyönlü xərcləri 17 milyard 145,5 milyon manat proqnozlaşdırılıb. Bu xərclərin cəmi dövlət büdcəsinin xərclərinə nisbətinin 41,1 % təşkil etməsi nəzərdə tutulur. Təqdim edilmiş izahata əsasən, növbəti ilin dövlət büdcəsinin sosialyönlü xərclərinin tərkibinə əməyin ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər, dövlət icbari şəxsi sığorta xərcləri və digər sosial dəstək tədbirləri ilə bağlı nəzərdə tutulmuş xərclər daxil edilib.
Növbəti ildə dövlət sifarişləri və subsidiyalar üzrə nəzərdə tutulmuş vəsaitlərin uçotunda dəyişikliyin edilməsi də sosialyönlü xərclərin məbləğinə təsir edib. Belə ki, müvafiq xərclər aidiyyəti paraqraflar üzrə deyil, iqtisadi təsnifatın müxtəlif bölmələri, o cümlədən "Əməyin ödənişi" bölməsi üzrə nəzərdə tutulub ki, bu da sosialyönlü xərclərə artırıcı təsir göstərib.
11:35 04.11.2025
Oxunuş sayı: 1452