Neft gələn il bu illə müqayisədə ucuzlaşacaq- Ekspert
Azərbaycan neftinin dünya bazarındakı qiymətləri qlobal enerji bazarındakı ümumi tendensiyalardan və geosiyasi amillərdən birbaşa təsirlənir. Ölkənin əsas ixrac brendi olan “Azeri Light” markalı neft yüksək keyfiyyətinə və bazarda rəqabət qabiliyyətinə görə beynəlxalq alıcılar tərəfindən üstünlük verilir. Bununla belə, son günlərdə dünya neft bazarlarında müşahidə olunan qiymət enişi “Azeri Light” neftinin dəyərinə də təsir göstərib.
Belə ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,08 ABŞ dolları və ya 0,12 faiz azalaraq 65,87 ABŞ dolları səviyyəsinə enib. Müvafiq olaraq, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 65,27 ABŞ dolları olub. Türkiyənin Ceyhan limanında isə “Azeri Light” nefti 63,82 ABŞ dolları səviyyəsində satılıb.
Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 70 ABŞ dolları hesablanıb. Buna görə də bazardakı dəyişikliklər ölkənin fiskal sabitliyi və enerji gəlirləri baxımından diqqətlə izlənir. Tarixi göstəricilərə əsasən, “Azeri Light” neftinin qiyməti 2020-ci ilin aprelində minimum 15,81 ABŞ dollarına, 2008-ci ilin iyulunda isə maksimum 149,66 ABŞ dollarına çatmışdır.
Mövzu ilə bağlı Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Crossmedia.az-a danışıb: "OPEC-in yaydığı məlumata görə, əvvəllər neft hasilatını gündəlik 1,65 milyon barel məhdudlaşdıran səkkiz OPEC+ ölkəsinin (Əlcəzair, Küveyt, İraq, BƏƏ, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Oman və Rusiya) nazirləri sabit qlobal iqtisadi proqnozu və əlverişli cari bazar şərtlərini nəzərə alaraq, dekabr ayında neft hasilatını gündəlik 137 min barel artırmaq qərarına gəliblər. Dekabrdan sonra mövsümilik səbəbindən səkkiz ölkə 2026-cı ilin yanvar, fevral və mart aylarında hasilatın artımını dayandırmaq qərarına gəlib. Razılaşma iştirakçıları təsdiqləyiblər ki, 1,65 milyon barel dəyişən bazar şəraitindən asılı olaraq tədricən, qismən və ya tam bərpa oluna bilər. Müstəqil hesablamalara əsasən, OPEC+ ölkələrinin dekabr ayı üçün ümumi kvotası sazişi əvvəllər pozan ölkələrin kompensasiya həcmləri nəzərə alınmaqla gündəlik 38,185 milyon barel təşkil edə bilər ki, bu da noyabr üçün elan edilmiş planından 101 min barel çoxdur".

Onun fikrincə, hazırda dünya bazarındakı qiymətlərin monitorinqi göstərir ki, hansısa ciddi enmə yoxdur: "Çünki bazar iştirakçıları daha çox ABŞ və Çin aradındakı ticari münasibətlərə diqqət edirlər. Neftin qiymətinin 2026-cı ildə cari illə müqayisədə azalmağa meylli olacaq. Ötən həftə Dünya Bankı 2025-2026-cı illər üzrə Brent markalı neftinin orta qiyməti ilə bağlı proqnozunu yeniləyib. Proqnoza əsasən, Brent neftinin orta qiyməti 2025-ci ildə 68 dollar səviyyəsində ehtimal edilir, 2026-cı ildə isə qiymətlərin 60 dollara qədər ucuzlaşacağı gözlənilir. Maraqlısı isə odur ki, Dünya Bankı ekspertləri gələn illə bağlı proqnozlarını artıq 2 dəfədir ki, dəyişməyiblər. Yəni neft qiymətlərinin ucuzlaşması ehtimalı hələ də yüksəkdir. Bu ehtimalı dünyanın tanınmış neft-qaz şirkəti olan Shell-in baş direktoru Vael Savan üçüncü rübün nəticələrindən sonra keçirdiyi telekonfrans zamanı da təsdiqləyib. Gələn il qlobal neft bazarında təklif bolluğunun yaranması ssenarisi daha çox ehtimal edilir, lakin uzunmüddətli perspektivdə qiymətlərin artacağını gözləyir. Bu da səbəbsiz deyil, çünki yaşıl enerji dünyada yaşanan hazırkı gərginlikdən sonra qlobal iqtisadiyyatın artım templərini qarşılamağa yetərli olmayacaq".
Elmir Heydərli
14:26 03.11.2025
Oxunuş sayı: 2288