AQP: Əsas iş yeri üzrə fəaliyyət göstərməyən qiymətləndirici təşkilatlar formal qurumlar sayılmalıdır
 
                                            Azərbaycanda əlavə iş yeri əsasında fəaliyyət göstərən qiymətləndirici təşkilatlar formal qurumlar hesab edilməlidir.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) məlumatında bildirilir.
Palatanın açıqlamasına görə, quruma üzvlük yalnız daimi (əsas iş yeri üzrə) qiymətləndiriciləri olan təşkilatlara verilməlidir. Bu yanaşma qiymətləndirmə bazarının sağlamlaşdırılması, peşənin nüfuzunun qorunması və xidmət keyfiyyətinin təmin olunması baxımından zəruri hesab edilir.
AQP vurğulayır ki, qiymətləndirmə fəaliyyəti fərdi deyil, institusional məsuliyyət prinsipi əsasında həyata keçirilməlidir:
"Hər bir qiymətləndirici təşkilat öz tərkibində əsas iş yeri üzrə çalışan, sertifikatlı və daimi nəzarətdə olan qiymətləndiricilərdən ibarət komanda formalaşdırmalıdır. Əks halda məsuliyyət ünvanı itir, hesabatlılıq zəifləyir və bazarda qeyri-şəffaf mühit yaranır".
Palatanın məlumatında qeyd olunur ki, qiymətləndirmə fəaliyyəti təkcə iqtisadi xidmət deyil, ictimai etimad və peşəkar məsuliyyət üzərində qurulan bir ixtisas sahəsidir:
"Qiymətləndirici təşkilatın statusu yalnız hüquqi qeydiyyatla müəyyən olunmur. Onun peşəkar mövcudluğu əsas iş yeri üzrə fəaliyyət göstərən, sertifikatlı və məsuliyyət daşıyan qiymətləndiricilərin varlığı ilə təsdiqlənir. Əsas iş yeri üzrə qiymətləndiricisi olmayan hüquqi şəxslər faktiki olaraq vasitəçi və ya formal daşıyıcı rolunda çıxış edir ki, bu da qanunun mahiyyətinə və peşə prinsiplərinə ziddir".
AQP bildirir ki, Əmək Məcəlləsi bütün əmək münasibətlərinə şamil olunsa da, qiymətləndirmə fəaliyyəti məhdudlaşdırılmış ixtisas sahəsi olduğuna görə burada xüsusi normativ tənzimləmə tətbiq edilir.
Qurum əlavə edir ki, AQP-nin Etik Davranış Qaydaları əmək hüququna zidd deyil, əksinə, peşə davranışını və institusional məsuliyyəti tənzimləyir:
"Bu prinsip beynəlxalq təcrübəyə uyğundur. Bir çox ölkələrdə yalnız daimi işçi statusuna malik, sertifikatlı qiymətləndiricilərin fəaliyyətinə icazə verilir. Bu model məsuliyyətin şəffaflığını təmin edir, etibarı artırır və xidmət keyfiyyətini yüksəldir. Palatanın məqsədi cəzalandırmaq deyil, qiymətləndirmə mühitini şəffaf, məsuliyyətli və etibarlı sistemə çevirməkdir".
AQP-nin fikrincə, bu yanaşma nəticəsində bazarda real qiymətləndirici təşkilatlar möhkəmlənəcək, formal qurumların təsiri azalacaq və qiymətləndirmə sənədlərinə ictimai etimad artacaq.
Məlumatda qeyd edilir ki, bəzən qiymətləndirici təşkilatlarda yalnız bir qiymətləndiricinin fəaliyyət göstərməsi müşahidə olunur. Halbuki "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna əsasən, qiymətləndirmənin 10 istiqaməti mövcuddur:
"Yalnız bu istiqamətlər üzrə sertifikatlı qiymətləndiriciləri olan təşkilatlar müvafiq fəaliyyətlə məşğul ola bilərlər. Digər təşkilatlar həmkar müəssisələrin qiymətləndirməsinə yekun rəy verə bilərlər, lakin onların qiymətləndiriciləri ilə ikinci iş yeri üzrə müqavilə bağlanması qeyri-peşəkarlıq və qeyri-şəffaflığın davam etməsinə gətirib çıxarır ki, bu da yolverilməzdir".
14:01 31.10.2025
Oxunuş sayı: 1430
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        