Azərbaycanla Dünya Bankı arasında maliyyə idarəçiliyi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycan maliyyə naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiyada rifah üzrə regional direktoru Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Crossmedia.az-a Maliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın genişləndirilməsi, dövlət maliyyəsinin idarə olunması və fiskal siyasət üzrə imkanlar və yeni çağırışlar, həmçinin potensial tərəfdaşlıq istiqamətləri müzakirə olunub.
Nazir Sahil Babayev bildirib ki, Azərbaycan Respublikası Dünya Bankı ilə tərəfdaşlığa böyük önəm verir. Ölkəmiz Dünya Bankına üzv olduqdan sonra Bankın maliyyə dəstəyi, texniki ekspertizası və tövsiyələri infrastruktur, təhsil, səhiyyə və dövlət idarəçiliyi kimi əsas sahələrdə inkişafa əhəmiyyətli töhfə verib. Bu əməkdaşlıq eyni zamanda enerji, nəqliyyat və sosial xidmətlər üzrə layihələrin irəliləməsinə, həmçinin davamlı inkişafa və makroiqtisadi sabitliyin təmin edilməsinə xidmət edib.
Görüş zamanı Dünya Bankı tərəfindən İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda Ortamüddətli Xərclər Çərçivəsi üzrə Potensialın Gücləndirilməsi" layihəsinin icrası da diqqət mərkəzində olub, Maliyyə Nazirliyinin təqdim etdiyi dövlət maliyyəsinə baxış, rəqəmsal həllər və informasiya sistemlərinin qiymətləndirilməsi və potensialın gücləndirilməsi ilə bağlı təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, rəqəmsal həllər və informasiya sistemlərinin qiymətləndirilməsi çərçivəsində Dünya Bankının missiyası Nazirlikdə diaqnostik təhlil aparacaq. Bu təhlil Nazirliyə mövcud vəziyyəti təhlil etməyə, boşluqları müəyyənləşdirməyə və vahid Dövlət Maliyyə İdarəetmə Informasiya Sisteminin arxitekturasının formalaşdırılması üçün gələcək inkişaf istiqamətlərini müəyyən etməyə imkan verəcək.
Öz növbəsində, Əsəd Ələm maliyyə idarəçiliyi və fiskal siyasətin təkmilləşdirilməsi sahəsində Azərbaycan hökumətinin gördüyü işləri yüksək qiymətləndirərək, sözügedən layihənin uğurlu icrasının dövlət maliyyəsinin idarə olunmasının səmərəliliyinə və dayanıqlığın artırılmasına mühüm töhfə verəcəyini bildirib.
Görüş zamanı Azərbaycan ilə Dünya Bankı arasında tərəfdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olunub, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
21:58 30.10.2025
Oxunuş sayı: 1042