Azərbaycanda konfidensial məlumatların sığorta şirkətləri ilə paylaşılması üçün yeni sistem hazırlanıb
Azərbaycanda sığorta məlumatlarının paylaşılmasına imkan verən yeni informasiya sistemi hazırlanaraq istifadəyə verilib.
Crossmedia.az xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun (İSB) Rəqəmsal Həllərin İnkişafı Departamentinin müdiri İslam İsmayılov Bakıda keçirilən "Türk Dövlətləri InsurTech Sammiti 2025" çərçivəsində deyib.
Onun sözlərinə görə, əvvəllər uzun müddət konfidensial hesab edilən məlumatlar artıq vətəndaşın razılığı əsasında sığorta şirkətləri ilə paylaşılır:
"Konfidensiallığın qorunması şərti ilə risklərin daha dəqiq hesablanmasına imkan verən xüsusi informasiya sistemi hazırlanıb və istifadəyə verilib", - deyə İ. İsmayılov bildirib.
O əlavə edib ki, sığorta hadisələri zamanı tələb olunan "Forma 4" sənədinin təqdim olunması qaydasında da dəyişiklik edilib:
"Əvvəllər "Forma 4" yalnız hadisəni tənzimləyən sığorta şirkətinə təqdim edilirdisə, indi vətəndaşın razılığı əsasında həmin sənəd digər sığorta şirkətləri ilə də paylaşılır".
İ. İsmayılov qeyd edib ki, İcbari Sığorta Bürosu yaxın illərdə süni intellekt texnologiyalarına əsaslanan idarəetməni prioritet istiqamət kimi müəyyənləşdirib:
"Növbəti 10-15 il süni intellekt dövrü olacaq və biz bu mərhələyə tam hazır olmalıyıq".
13:01 28.10.2025
Oxunuş sayı: 929