Ət bazarında son vəziyyət: “…Bəlkə də, xəstə heyvanların əti satışa çıxarılıb”
Son günlər ölkədə heyvan xəstəliklərinin yayılması ilə bağlı tətbiq olunan məhdudiyyətlər ət bazarına da birbaşa təsir göstərib. Karantin rejimi çərçivəsində bir sıra satış məkanlarının, xüsusilə də mal bazarlarının fəaliyyətinə məhdudiyyət qoyulması nəticəsində bazarda həm təklif, həm də tələb tərəfdə dəyişikliklər yaranıb. Ətin qiymətində müşahidə olunan dalğalanmalar alıcı və satıcıları narahat etməyə başlayıb. Bəs gələcək günlərdə ətin qiyməti ucuzlaşa bilərmi?
Mövzu barəsində iqtisadçı ekspert Akif Nəsirli Crossmedia.az-a açıqlamasında bildirib ki, ölkə daxilində kütləvi yoluxmanın yayılması ilə əlaqədar olaraq ayın 25-dən məhdudiyyətlər tətbiq olunub, karantin elan edilib: “Ət bazarları və ümumilikdə satış məkanları bağlanır, nəticədə satış zəifləyir. Bu tədbirlərin məqsədi xəstəliyin geniş yayılmasının qarşısını almaq və prosesə nəzarəti gücləndirməkdir. Lakin digər tərəfdən, bu tədbirlər həm də psixoloji olaraq yerli ət bazarında ciddi dalğalanmalara səbəb olur. Bir tərəfdən, bazara çıxan ətin həcmi azalır, digər tərəfdən isə alıcıların alıcılıq qabiliyyəti zəifləyir. Əhali ehtiyat edir ki, bəlkə də, xəstə heyvanların əti satışa çıxarılıb. Buna görə də bir çox alıcı yerli ət almaqdan çəkinir və digər növ ətlərə üstünlük verir. Bu isə bazarda həm bahalaşmaya, həm də ucuzlaşmaya təsir edən iki əks istiqamətli amil yaradır’’.
İqtisadçı qeyd edib ki, ətin azalması qiymətlərin bahalaşmasına səbəb olur: ‘’Digər tərəfdən isə alıcılığın zəifləməsi dövriyyəni azaldır və bu da qiymətlərin enməsinə təzyiq yaradır. Hansı qüvvənin daha güclü təsir göstərəcəyi hələlik məlum deyil. Hazırda ətin bahalaşması müşahidə olunur, lakin yaxın zamanda müəyyən ucuzlaşma da mümkündür. Hazırkı mərhələdə qiymətlərin formalaşması məhz bu iki qüvvənin – təklifin azalması və tələbin zəifləməsi təsiri altında baş verir. Əgər ucuzlaşmaya yönələn təzyiq güclü olarsa, yerli heyvan əti ucuzlaşacaq, əks halda isə bahalaşma davam edəcək. Belə bir şəraitdə Azərbaycan bazarında xarici ətin populyarlaşması da müşahidə olunur. Alıcılar artıq daha çox idxal olunmuş, dondurulmuş ətlərə üstünlük verirlər. Çünki bu ətlərin mənşəyi daha aydın olur və xəstə heyvan ətinə çevrilmə ehtimalı azdır’’.
A. Nəsirli vurğulayıb ki, 2025-ci ilin ilk 10 ayı ərzində Azərbaycana ət idxalı xeyli artıb: ‘’Xüsusilə son iki ayda bu göstəricinin təxminən iki dəfə yüksəldiyi qeyd olunur. Bu da yerli ətin ucuzlaşmasına səbəb olan amillərdən biridir. Artıq alıcıların daha ucuz alternativi var. Məsələn, 20 manata yerli ət almaq əvəzinə 12-13 manata Monqolustan, Pakistan, Rusiya və ya Gürcüstandan gətirilmiş ət əldə etmək mümkündür. Buna görə də ət bazarındakı bu dalğalanmanın nəticəsini dəqiq proqnozlaşdırmaq çətindir. Lakin qarşıdakı iki həftə ərzində vəziyyətin nəticələri daha aydın görünəcək. Fikrimcə, bu dalğalanma əsasən yerli ət bazarına mənfi təsir göstərəcək və qiymətlərdə ucuzlaşma müşahidə olunacaq. Əsas məsələ odur ki, bir dəfə xarici ətə keçən alıcıların əksəriyyəti artıq yerli ətə geri dönməyəcək. Çünki onlar görəcəklər ki, Monqolustan əti keyfiyyət baxımından Azərbaycan ətindən ciddi fərqlənmir. Dondurulmuş ətin tərkibində müəyyən faydalı maddələr azalsa da, bu, ümumi keyfiyyətə ciddi təsir göstərmir. Ona görə də bu proses uzunmüddətli perspektivdə yerli ət bazarında ucuzlaşma tendensiyasını gücləndirəcək’’.
Sevinc Yarməmmədova
21:47 27.10.2025
Oxunuş sayı: 3769