Astroloqla müsahibə: Astrologiya insanı Tanrıdan uzaqlaşdırmır, əksinə...
Son zamanlar Azərbaycanda astrologiyaya maraq artıb. Buna baxmayaraq, bir çox insan astrologiyaya kor- koranə yaşanır, onu elm kimi qəbul etmir. Digərləri isə ya ulduzlara ümumiyyətlə inanmır, ya da hər addımlarını ulduzlara görə atırlar.
Astroloq Gülçin İmanova sözügedən sahə, o cümlədən doğru kimi qəbul olunan səhv bildiklərimiz barədə Crossmedia.az-a geniş müsahibə verib:
- Astrologiya nədir?
- Astrologiya planetlərin və səma cisimlərinin doğum anında səmanın fotosunun çəkilməsidir. Həmin planetlərin bir-biri ilə bucaqlarına, bir-birilərinə yaratdığı təsirlərə əsaslanaraq, doğum xəritəsi çox geniş məlumat verir. Doğum tarixini analiz edərkən biz insanın xarakterini, potensiallarını, həyat yolunu, karmalarını, keçmiş yaşamını, yəni reinkarnasiyanı müəyyənləşdirə bilirik. Eyni zamanda bu il, ay ərzində, hətta ömür boyu nələrin gözlənildiyini proqnozlaşdırmaq mümkündür. İnsanlar bəzən düşünür ki, eyni saatda, eyni bürc altında anadan olan əkiz uşaqların taleyi necə fərqli olur. Məsələ burasındadır ki, astrologiya fal deyil. Astrologiya potensiallar üzərində qurulub. Məsələn, əkizlərdən birinin xəritəsində onların güc, mübarizə tələb edən sahələrdə çalışdığı göstərilir. Onlardan biri polis olacağı halda, digəri bu potensialını tamamilə başqa sahədə, o cümlədən hansısa təşkilata rəhbərlikdə göstərə bilər. Eyni zamanda nəzərə almaq lazımdır ki, hər şey iradə ilə baş verir, yəni ətraf mühit, yaşantılar birbaşa insan xarakterinə təsir edir. Yeri gəlmişkən, deyim ki, çoxlarımıza məlum olan günəş bürcü ilə məsələ bitmir. Ay bürcü insanların əsl hisslərini, əslində kim olduğunu göstərir. Bir insan oğlaq günəş bürcündə doğulubsa, adətən xarakter etibarı ilə sərt, soyuq və məsafəli olur. Amma onun ay bürcü balıqdırsa, bəlkə də, gecələr oturub ağlayır. Çünki çox həssasdır. Halbuki dediyim kimi, əslində oğlaq bürcü nümayəndələri soyuq olur. Eyni zamanda Venera insanın sevgi dilini göstərən bir planetdir. Əlbəttə ki, onların arasındakı bucaqlar da çox önəmlidir. Yəni məsələ sadəcə planetlə bitmir. Venera əkizlər bürcündə olan bir kişi eyni anda bir neçə qadını sevə bilər, bir neçə qadınla münasibət yaşamaq istəyə bilər. Ancaq, məsələn, Venera qız bürcündə, oğlaq bürcündə və ya buğa bürcündə olan kişilər daha çox saliq, ehtibarlı olurlar. Yəni, Venera xəritədə çox önəmlidir. Merkuri insanın düşüncələrini, danışığını göstərir. Merkurisi qız bürcündə olan biri digərlərini tənqid edər, seçici danışar. Merkurisi qoç bürcündə olan insanlar daha çox mübahisəyə meyilli ola bilər. Digər planetlərin hər birinin öz xüsusiyyətləri var.
- Fəaliyyətinizdə hansı astrologiya metodlarından istifadə edirsiz?
- Astrologiyada sadəcə bürclərin mövqeyinə baxmaq üçün bir xəritədən istifadə edilmir. Əsas xəritə natal xəritədir. İngilis dilində buna " Natal chart" da deyirlər. Digər xəritə solar xəritədir. Həmçinin lunar, proqres, profeksiyon, drakonik və digər xəritələrdən də istifadə olunur. Natal xəritə insanın ümumi həyat tərzindən bəhs edir. Yəni bu xəritə birillik proqnozu əks etdirmir. Əgər xəritə sizin müdir olacağınızı deyirsə, bu, bütün ömür boyu ola bilər. Natal xəritədə insanın ümumi həyata tərzindən danışılır. Yəni, natal xəritə sizin birillik gündəmlərinizi göstərmir. Natal xəritə bir növ digər xəritələrin də əsasında dayanır. Solar return xəritə bir illik periodu göstərir. Başqa sözlə desəm, bir ad gününüzdən növbəti ad gününüzə qədərki dövrü. Hansı evlərdə gündəmlər olacaq, həyatımda şansım harada dönə bilər, nələrə diqqət eləməliyəm, bu il nələri etməsəm daha yaxşı ola bilər, hansı fürsətlər qarşıma çıxa bilər, nəyə fokuslanmalıyam, nəyə fokuslanmamalıyam kimi bütün məqamları bu xəritə vasitəsilə görə bilərik. Bu, həm də lunar xəritəyə aiddir. Əsas fərq ondan ibarətdir ki, lunar xəritə bir illik yox, bir aylıq periodu əhatə edir. Proqres xəritəsi konkret dövrü əhatə edən gündəmləri göstərir. Drakonik xəritə çox ruhani və spritual bir xəritədir. İnsanların karmalarını, ruhunun ilk niyyətini göstərən bir xəritədir. Yəni bu xəritə ilk olaraq ruhumuzun nə istədiyini göstərir.
- Astrologiya ilə bağlı ən çox yayılmış miflər nələrdir?
- Bəzi insanlar elə bilirlər ki, astrologiya falçılıqdır. Ümumiyyətlə, astrologiya falçılıqla yaxından- uzaqdan əlaqəsi olmayan bir sahədir. Çünki burada enerji ilə bağlı, hisslərlə bağlı çalışmalar olmur.
Burada hər şey astronomik hesablamalarla, planetlərin dəqiq hərəkətləri ilə enerji dövrlərinə əsaslanaraq hesablanır. Dediyim kimi, o planetlər harada yerləşib, hansı bucaqlar arasında yerləşib və s. çox önəmlidir. Həmçinin astrologiyanın dinə zidd olduğunu iddia edənlər də var. Ancaq dediyim kimi, astrologiyadan 100, 1000 illər əvvəl müxtəlif mədəniyyətlərdə, həmçinin İslam dinində istifadə olunub. Yəni insanlar astrologiyanı bir tanrı kimi ilahiləşdirməyib heç bir zaman, sadəcə onunla hesablamalar edərək daha düzgün qərarlarını veriblər. Məsələn, müharibələrdə istifadə olunub, xüsusilə də Osmanlı dövründə. İnsanlar hətta o zamanlar müharibələrə getməzdən əvvəl astroloqlardan məsləhət alırdılar.
Yəni, qısaca onu deyim ki, o zamanki insanlar yaradılışın nizamını anlamaq üçün bir vasitə kimi qəbul ediblər astrologiyanı. Yəni, astrologiya insanı tanrıdan uzaqlaşdırmır. Əksinə, bəlkə də, insanları ilahi qüvvəni tanımağa yaxınlaşdırır. Bəzi insanlar düşünürlər ki, astrologiya taleh yazır. Hərçənd hər şey potensiallar üzərində qurulur. Planetlərin enerjiləri bizi, bəzən ruh halımızı da dəyişə bilir.
Məsələn, Dolunayın zamanına görə insanlar özlərini çox qəribə hiss edirlər: Normalda etməyəcəkləri hərəkətləri edirlər. Bir də görürsünüz, uzan müddət bir- digərindən xəbəri olmayan insan qarşı tərəfə mesaj yazır, zəng edir. Sonra isə yenidən birdən- birə uzaqlaşır. Bu, tamamilə dolunayla bağlıdır. Bir daha deyim ki, astrologiya potensiallar üzərində qurulub. Yəni seçim, iradə bizim əlimizdədir. Bizə sadəcə istiqamət göstərilir. Bundan retroqrat planetlərin uğursuzluq gətirdiyinə inananlar da var. Yəni, insanlar keçmiş yaşamlarında, reinkarnasiyada nələri ediblər ki, onlar bu həyatlarında onun cəzasını çəkirlər kimisindən. Məsələn, Merkuri planeti retro olduqda həmin insan keçmiş yaşamında ünsiyyətlə bağlı problem yaşamış ola bilər, yaxın çevrə, o cümlədən bacı-qardaşla bağlı problem yaşamış ola bilər. Niyə? Çünki Merkuri həm qısa məsafə səyahətlərini, həm bacı-qardaşları təmsil edir, həm də ünsiyyətin simvoludur. Bu səbəbdən, məsələn, natal xəritədə retroqrat bir Merkuri varsa, bu insanda həyatında uşaqlıqdan gələn bir kəkələmə ola bilər. Təkcə kəkələmə də yox, ümumiyyətlə danışıqla bağlı problemi ola bilər, nə isə deməzdən qabaq çox fikirləşə, çox düşünə bilər.
- Gələcək proqnozların dəqiqliyi haqqında nə düşünürsünüz?
- Hər şey insanın seçim və şüurlu hərəkətindən hər şey asılıdır. Yəni, proqnozda elə deyilib deyə mütləq elə olması şərt deyil. Proqnozları sadəcə xəbərdarlıq, anons kimi qəbul etmək lazımdır.
- Bürclərin uyğunluğu barədə nə deyə bilərsiniz?
- Astrologiyada ən uyğun bürclər bir-birinə zidd duran bürclər hesab olunur. Məsələn, Buğa və Əqrəb. Bu iki bürc bir-birini həm ruhən, həm də bədənən çox güclü şəkildə çəkir. Çünki Buğa sabit və sakitdir, Əqrəb isə dərin və ehtiraslıdır. Onlar bir-birlərini tarazlaşdırır, birlikdə həm güvən, həm sirr, həm də emosional dərinlik yaradırlar. Cütlük kimi də çox cazibədar bir aura yayımlarlar.
Xərçəng və Oğlaq da çox uyğun bürclərdir. Xərçəng qayğı göstərməyi, sevgi verməyi sevir, fədakar və duyğusaldır. Oğlaq isə sabit və dayanıqlıdır, Xərçəngi qoruyur və ona dayaq olur. Bu münasibətdə adətən Xərçəng qadın, Oğlaq isə kişi olanda daha güclü uyğunluq formalaşır.
Buğa və Əqrəb münasibətlərində isə fərq etməsə də, Buğa kişisi ilə Əqrəb qadını daha uyğun hesab edilir.
Qız və Balıq da çox uyumludur. Qız ağılı ilə hərəkət edir, məntiqlidir. Balıq isə hissləri ilə yaşayır və məhz buna görə bir-birlərini tamamlayırlar: biri düşünür, digəri isə yumşaldır, dərinlik qatır.
Aslan və Dolça münasibəti də maraqlı sayılır. Şir diqqəti və sevgini sevir, Dolça isə azadlığı və fərqliliyi. Aralarında həm ziddiyyət, həm də cazibə var. Oxşar auraları olduğuna görə bir-birlərinə maraqlı gəlirlər.
Əkizlər və Tərəzi isə hər ikisi sosial, pozitiv və həyatsevər olduqları üçün yaxşı anlaşırlar. Həyatı ciddiyə almırlar, münasibətləri dinamik və canlı olur. Qoç və Oxatan isə enerjili və macərapərəstdir. Birlikdə çox güldükləri, səyahət etdikləri və yeni şeylər kəşf etdikləri üçün münasibətləri dinamik və uyğun olur. İndi isə uyğun olmayan bürc cütlüklərinə keçək. İlk olaraq Buğa və Əkizlər. Buğa sabitlik və sakitlik istəyir, Əkizlər isə dəyişkənlik, hərəkət və yenilik. Buğa üçün Əkizlər çox ciddiyyətsiz görünür, Əkizlər üçün isə Buğa çox sərt və sıxıcıdır. Xərçəng və Qoç da uyğun deyil. Xərçəng hisslərlə hərəkət edir, Qoç isə tələsik və impulsivdir. Eyni vəziyyət Balıq və Qoç münasibətində də müşahidə olunur. Bir tərəf emosional dəstək istəyir, digər tərəf bunu verə bilmir və bu, gərginlik yaradır. Qız və Oxatan münasibətində də uyğunsuzluq var. Qız planlı və ciddidir, Oxatan isə sərbəstdir, anı yaşamaq istəyir və qaydalara tabe olmaq istəmir. Aslan və Əqrəb bəzən bir-birini güclü şəkildə çəksə də, hər ikisi liderlik istədiyi üçün münaqişələr yaranır — heç biri geri çəkilmək istəmir. Oğlaq və Dolça da uyğun deyil. Oğlaq qayda, məsuliyyət və planlarla yaşayır. Dolça isə azad ruhludur və qaydaları sevmir. Buna görə Oğlaq Dolçanı məsuliyyətsiz, Dolça isə Oğlağı həddindən artıq ciddi və sıxıcı görür. Əkizlər və Balıq da bir-birinə ziddir. Əkizlər ağlı ilə sevər, Balıq isə ürəyi ilə. Əkizlər danışar, Balıq isə susar və hər şeyi içinə atar. Buna görə də münasibətləri çətin olur.
- Sonda müəyyən bürclərlə bağlı yaxın günlər üçün hansısa proqnoz verə bilərsinizmi?
- Əqrəb mövsümünə girmişik. Bu, elə bir mövsümdür ki, insanın içində nə gizli qalırsa hamısını üzə çıxarır və bu dönəmdə insanların hissləri çox dərinləşir, instinkləri çox güclənir. İntiuisiyalar dəhşətli bir səviyyəyə qalxır. İnsanlar Əqrəb mövsümü günlərində ya çox sevirlər, ya çox nifrət edirlər. Yəni, ya ağdırlar, ya qaradılar. Onların ortası olmur.
Keçmişlə üzləşmələr yaşana bilər.
İnsanlar öz qorxuları ilə üz-üzə gələ bilərlər, bağışlanmalar ola bilər. Maddi- mənəvi itkilər ola bilər. Bəzi insanlar həyatlarımızdan çıxa, yeni adamlar tanıya bilərik. Gizli qalan, sirli məsələlər
ortaya çıxa bilər. Hər kəsin, xüsusilə bu enerjini hiss edən insanların həyatında köklü dəyişiklik etmək ehtiyacı ortaya çıxacaq. Bu, karyera ilə də, münasibətlə də bağlı ola bilər. Dediyim kimi, insanlar münasibətlərini bitirə də bilər, birbaşa evliliyə apara da. Bu dönəm ərzində insanlar emosional partlayışlara çox açıq olacaqlar. Qəfil qərarlar qəbul oluna bilər. Qoç bürcləru bu müddətdə emosional olaraq dərindən təmizlənəcək, daha da güclənəcəklər. Buğa bürcü nümayəndələri
münasibətlə bağlı bəzi sınaqlar yaşaya bilərlər. Etibar, sevgi mövzuları gündəmdə ola bilər. Əkizlər yenilənmə istəyə bilərlər. Onlar özlərində fiziki yorğunluq hiss edə bilərlər. Xərçənglər üçün çox gözəl bir dönəm ola bilər. Onların həyatlarında çox möcüzəvi hadisələr başlaya bilər.
Ancaq eyni zamanda köhnə travmaların da üzə çıxması mümkündür. Şirlərin həyatlarında ailə kimi mövzular gündəmə gələ, köklü dəyişikliklər ola bilər. Qız bürcləri daha çox hər şeyi analiz edə, ətrafındakı insanlardan biraz şübhələnə bilərlər. Tərəzilər daha çox özlərinə dəyər verməyə başlayacaqlar. Əqrəblər üçün onsuz da dirilişin özüdür, yəni onların mövsümüdür. Onların enerjisi tam açılmağa hazırdır, kainat hazırda onlar üçün hərəkət edir. Oxatanlar bir az depresiv ab- havada ola, bir az içlərinə qapana bilərlər, sakit qalmaq istəyə bilərlər. Oğlaqlarda müəyyən mənada ruh dağınıqlığı yaşana bilər. Onların özlərini narahat hiss etmələri mümkündür. Əqrəb mövsümündə dolçaların karyerası ön planda olacaq. Karyera yönümlü mövzular ön planda olacaq. Balıqların inancları daha da qüvvətlənəcək. Onlar üçün bu ay ruhani biliklərə, yoqaya, spiritualizmlə bağlı astrologiyaya, daha çox meditasiyalar etməyə yönələcəkləri bir ay olacaq.
Kənan Novruzov
Səbiyyə Zayirova
10:37 27.10.2025
Oxunuş sayı: 2699