Qızıl bahalalaşır: Risklər var - Ekspertdən xəbərdarlıq
Qlobal iqtisadiyyatda qeyri-müəyyənliklərin artması qiymətli metalların, xüsusilə də qızılın bahalaşmasına səbəb olur. Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bu meyl yaxın gələcəkdə də davam edə bilər. Onun sözlərinə görə, beynəlxalq iqtisadi və siyasi sabitliyin tam bərpa olunmaması qiymət artımının əsas amilidir.
Qızılın bahalaşmaısnın mümkün nəticələri barədə Crossmedia.az-a danışan iqtisadçı-ekspert Rəşad Həsənov qeyd edib ki, hazırkı şəraitdə sözügedən metalın qısa müddətli qiymət dinamikasının proqnozlaşdırılması kifayət qədər mürəkkəbdir: “Mərkəzi Bankın sədri o baxımdan haqlıdır ki, cari ildə qızılın qiymətini rekord səviyyədə artıran heterodoks iqtisadi siyasətlər, geosiyasi gərginlik və proqnozlaşdırılması çətin iqtisadi mühit hələ də qalmaqdadır. Bu vəziyyətin 2026-cı ildə də müəyyən formada davam etməsi ehtimal olunur və bu da qızılın qiymətinə artırıcı təsir göstərən əsas amillərdəndir".
Ekspert eyni zamanda qızıl bazarında son dövrlərdə müşahidə olunan kəskin dalğalanmalara da diqqət çəkib: “Bir gün əvvəl qızılın qiymətində son 12–13 ilin ən sərt enişi baş verdi. Bu, bazarda ‘köpüklərin’ formalaşdığını göstərir. Son bir ildə qızılın investisiya gəlirliliyi təxminən 70%, son iki ayda isə 30% artıb. Bu isə qiymətlərin iqtisadi faktorlardan çox, geosiyasi risklər və investor davranışındakı dəyişikliklər nəticəsində formalaşdığını deməyə əsas verir".
R.Həsənovun fikrincə, hazırkı şəraitdə qızıl bazarında “balonların” partlaması riski yüksəkdir: “İqtisadi və siyasi sabitliyin bərpası halında bu "balonların’" partlaması və qiymətlərdə korreksiya prosesi baş verə bilər. Yəni, bir tərəfdən qiymət artımını dəstəkləyən faktorlar davam etsə də, digər tərəfdən bazarın təbii mexanizmləri azaldıcı təsir göstərə bilər".
Ekspert əlavə edib ki, bir sıra beynəlxalq maliyyə institutları artıq müştərilərinə qızıla investisiya zamanı daha ehtiyatlı davranmağı tövsiyə edirlər: “Bu da onu göstərir ki, beynəlxalq qurumlar bazarda risklərin artdığını görürlər. Hazırda qızıl bazarı investisiya baxımından kifayət qədər riskli mərhələdədir. İnvestorlar daha diqqətli olmalı, geosiyasi və iqtisadi faktorları dərindən təhlil edərək qərar qəbul etməlidirlər".
Mehriban Yariyeva
12:39 24.10.2025
Oxunuş sayı: 1409