Nazirlik rəsmisi: Milli Məkan Məlumatları İnfrastrukturu ÜDM-ə 1-1,5% müsbət təsir göstərir

Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması ölkənin iqtisadiyyatına birbaşa, yəni ümumi daxili məhsula (ÜDM) 1-1,5% müsbət təsir edir.
Crossmedia.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Rəqəmsal İdarəetmə şöbəsinin müdiri Anar Nərimanov "Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili" adlı tədbirində bildirib.
O qeyd edib ki, peyk təsvirləri iqtisadiyyata birbaşa və dolayı təsirlər göstərir: "Bunu bir çox aspektlərdə qiymətləndirmək olar. Peyk təsvirlərinin iqtisadiyyata təsiri nədir dedikdə, Milli Məkan Məlumatları İnfrastrukturu layihəsini qeyd etmək istərdim. Araşdırmalarımız göstərir ki, Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması ölkənin iqtisadiyyatına birbaşa, yəni ümumi daxili məhsula (ÜDM) 1-1,5% müsbət təsir edir. Eyni zamanda peyk təsvirləri digər sahələrə də birbaşa və yaxud dolayısı ilə təsir göstərir. Yəni peyk təsvirlərinin əsas istehsalçıları olan agentliklər onları müxtəlif məqsədlər üçün çəkirlər. Məsələn, sənaye, logistika, kənd təsərrüfatı və digər sahələrin inkişafına xidmət edən peyk təsvirləri çəkilə bilər".
"Milli Məkan Məlumatları İnfrastrukturu bir çox komponentləri - normativ hüquqi bazanı, texnoloji və intellektual alətləri, standartları, bilik transferini və ölkənin rəqəmsal ekosistemini formalaşdıran bir layihədir. Bir çox ölkələrin təcrübələrini öyrəndikdə məkan məlumatları ilə bağlı 1500+ məlumat laylarına rast gəlirik ki, bunun ilkini peyk təsvirləri əhatə edir", - A. Nərimanov vurğulayıb.
11:12 21.10.2025
Oxunuş sayı: 916