AYİB Azərbaycan üzrə əməliyyat aktivlərini artırıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) bu il sentyabrın 30-na Azərbaycandakı aktiv portfelinin həcmi əvvəlki ayla müqayisədə 0,6% və ya 6 mln. avro azalaraq 948 mln. avroya enib. İcra edilən aktiv layihələrin sayı isə 35 təşkil edib.
Bu barədə Crossmedia.az-a AYİB-dən bildirilib.
Qeyd olunub ki, portfelin 89%-ni (842 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 5%-ni (49 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 6%-ni (56 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Sentyabr ayında bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə əvvəlki aya nisbətən 0,9% artaraq 703 mln. avro təşkil edib.
Beləliklə, EBRD bu günədək Azərbaycana 200 layihə çərçivəsində 3,661 mlrd. avro həcmində investisiya yatırıb və bu həcmin 3,369 mlrd. avroluq hissəsi borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyalarda özəl sektorun payı 37% təşkil edib.
09:48 21.10.2025
Oxunuş sayı: 1070