Vergi orqanlarına daxil olan müraciətlərin sayı açıqlanıb

Bu ilin yanvar – sentyabr ayları ərzində vergi orqanlarına ümumilikdə 331 260 müraciət daxil olub.
Bu barədə Crossmedia.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, daxil olmuş müraciətlərdən 94,6 faizi ərizə, 5,3 faizi şikayət, 0,1 faizi təkliflərdən ibarət olub. Müraciətlərin 96,8 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 3,2 faizi hazırda icradadır.
Baxılması yekunlaşmış müraciətlərin 53,9 faizi həll olunub, 44,1 faizi üzrə müvafiq izahat verilib, digərləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Daxil olmuş faktiki şikayətlərdən 5.680-i həll edilib. Bunlar, əsasən, kameral vergi yoxlamaları, vergi mükəlləfiyyətləri, maliyyə sanksiyalarının silinməsi, şəxsi hesab vərəqələri, vergi ödəyicisinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi orqanı əməkdaşlarının hərəkəti (və ya hərəkətsizliyi), vergi borclarının silinməsi, borcun ödənilməsinə möhlət verilməsi, vergi bəyannamələri, riskli vergi ödəyicisi statusu, ƏDV depozit hesabı və digər məsələlərlə bağlı olub.
2025-ci ilin yanvar – sentyabr ayları ərzində Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 591 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir müraciətə fərdi yanaşılıb, vətəndaşların qanuni tələblərinin müsbət həlli üçün zəruri tədbirlər görülüb.
15:20 17.10.2025
Oxunuş sayı: 1311