Dünya Bankı Azərbaycana suyu effektiv idarə etməkdə yeni həllər təklif edib

Dünya Bankı Azərbaycana su ehtiyatlarının daha effektiv idarə edilməsi üçün maliyyələşdirmənin cəlb olunması və innovativ həllərin tapılmasında yardım etməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, bu barədə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmayster (Stefanie Stallmeister) Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) III günündə bəyan edib.
Onun sözlərinə görə, bankın əsas fəaliyyət istiqamətlərindən biri suya qənaət etməyə və onun istifadəsinin məhsuldarlığını artırmağa imkan verən suvarma sistemlərinin tətbiqidir.
"İnnovativ suvarma sistemləri bu ikili məqsədə nail olmaqda mühüm rol oynaya bilər. Damcı suvarma və ya sprinkler sistemləri daha səmərəlidir və su istehlakını 40-60 % azalda bilir. Buna görə də biz ölkələrə məhz belə həlləri fəal şəkildə tövsiyə edirik", - Ş.Ştalmayster bildirib.
O vurğulayıb ki, istənilən tədbirlər milli strategiya və normativ baza ilə əlaqəli həyata keçirilməlidir: "Eyni zamanda, maliyyələşdirmə və özəl sektorun cəlb edilməsi xüsusi əhəmiyyət kəsb edir. Damcı suvarma, günəş su nasosları və ya suvarma sistemlərinin modernləşdirilməsi əhəmiyyətli ilkin sərmayələr tələb edir. Bu cür investisiyalar kiçik fermerlər üçün çox vaxt əlçatmaz olur. Məhz buna görə də biz maliyyələşdirmə və innovativ maliyyə həllərinin tapılmasının həlledici rolunu görürük. Dünya Bankı bu keçidi mümkün etmək üçün özəl sektorla tərəfdaşlıqlar, digər ölkələrdə toplanmış təcrübələr və yeni texnologiyalar gətirə bilər".
15:00 01.10.2025
Oxunuş sayı: 988